Azedu.az

BMU-da Çindən olan doktorantların iştirakı ilə elmi seminar keçirilir

Xəbərlər

28 Oktyabr 2025, 15:45
BMU-da Çindən olan doktorantların iştirakı ilə elmi seminar keçirilir

Bakı Mühəndislik Universiteti (BMU) və Pekin Kimya Texnologiya Universiteti (PKTU) arasında icra olunan ikili diplom proqramı əsasında  Çin Xalq Respublikasından 32 doktorant, həmçinin professor-müəllim heyəti ölkəmizdə səfərdədir. 

AzEdu.az xəbər verir ki, səfər proqramı çərçivəsində “Mühəndislik tətbiqlərinin Dayanıqlı İnkişaf Məqsədlərinə təsiri” mövzusunda doktorantların beynəlxalq elmi-praktik seminarı öz işinə başlayıb.

Seminarın açılışında çıxış edən BMU-nun rektoru Yaqub Piriyev PKTU ilə bu il qurulan səmərəli əməkdaşlıqdan, bakalavr səviyyəsində ilk ikili diplom proqramının uğurlu icrasından məmnunluğunu dilə gətirib və doktorantların iştirakı ilə keçirilən seminarın elmi bilik mübadiləsi baxımından mühüm önəm daşıdığını vurğulayıb. Çıxışda Azərbaycan və Çin arasında münasibətlərin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğu, bu strateji xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi bildirilib. Dövlət başçımızın cari ildə bu ölkəyə səfərləri çərçivəsində Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə birgə qəbul edilən hərtərəfli strateji tərəfdaşlıq qurulması haqqında Birgə Bəyanatın, vizasız rejimin tətbiqi və digər sahələr üzrə əməkdaşlığa dair sazişlərin iki ölkə münasibətlərinin inkişafında mühüm rol oynadığı diqqətə çatdırılıb. Rektor əlavə edib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan regionun yeni strateji nəqliyyat xəritəsinin əsas qüvvəsinə çevrilir və Zəngəzur dəhlizinin işə düşməsi “Bir kəmər, bir yol” təşəbbüsünün tərkib hissəsi olan Orta Dəhliz üçün geniş imkanlar yaradacaq.

Seminarın təkcə elmi müzakirələrin miqyası ilə deyil, həm də qlobal dayanıqlı gələcəyə töhfə baxımından olduqca böyük əhəmiyyət kəsb etdiyini deyən rektor tədbirin yeni tədqiqat ideyalarının formalaşmasına və əməkdaşlığın dərinləşməsinə mühüm zəmin yaradacağına, birgə layihələrin başlanğıcı olacağına əminliyini vurğulayıb.

Tədbirin davamında PKTU-nun Beynəlxalq Təhsil Departamentinin müavini, professor Yu Yue PKTU ilə bağlı təqdimatla çıxış edib. Çıxışda universitetin elmi-tədqiqat istiqamətlərinə, xarici ali məktəblərlə həyata keçirdiyi birgə ikili diplom proqramlarına toxunulub. Təqdimat zamanı BMU-PKTU üzrə hazırda Çində təhsil alan tələbələrin videomüsahibəsi nümayiş etdirilib.   

Sonra seminarda BMU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Ətrabə Gül, elm və innovasiya məsələləri üzrə prorektoru Ağası Məlikov, PKTU doktorantları Shang Yizhuo, Shao Yusheng, Fizika İnstitutunun əməkdaşı Təranə Nurubəyli, həmçinin BMU-nun professorları Vəli Hüseynov, Rakib Əfəndiyev və dosent Elmir Babayevin elmi məruzələri, gələcək əməkdaşlıqla bağlı çıxışları dinlənilib və fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, mühəndislik elmləri bu gün təkcə texnoloji innovasiyaların deyil, həm də BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olma prosesinin əsas istiqamətlərindən biridir. Çıxışlarda enerji səmərəliliyi, tullantıların idarə olunması, su resurslarının qorunması, təmiz istehsal texnologiyaları və ağıllı şəhər həlləri kimi istiqamətlərə toxunulub və Çin universitetləri ilə qurulan bu kimi ortaq platformaların elmi potensialın güclənməsinə, habelə iki ölkə arasında dostluq münasibətlərinin inkişafına mühüm töhfə verəcəyi vurğulanıb.

Seminar doktorantların ixtisaslaşmış təqdimatları və interaktiv panel müzakirələr ilə davam edir. Sessiyalarda BMU alimləri ilə yanaşı, digər universitetlərdən dəvət olunmuş alim və tədqiqatçılar iştirak edirlər.

Doktorantların ölkəmizə səfəri çərçivəsində başqa ali təhsil ocaqlarına, o cümlədən bir sıra qurumlara ziyarətlərinin təşkili də nəzərdə tutulur.

Mehdiyevin şəbəkəsi İFŞA OLUNDU - 50 nəfərlik şok siyahı
Son xəbərlərDaha çox