“Müəllimlərin əməkhaqlarının artması üçün yeni təkliflər təqdim ediləcək. Əməkhaqqı dərs saatına deyil, iş saatına uyğun müəyyənləşdiriləcək".
Keçdiyimiz günlərdə bu sözləri elm və təhsil nazirinin müavini İdris İsayev söyləyib.
Maraqlıdır ki, bu məktəblərdə hansı dəyişikliyə səbəb olacaq?
AzEdu.az-a mövzu ilə bağlı "İlin gənc müəllimi" müsabiqəsinin qalibi Xəzri Muradov danışıb.

O, qeyd edib ki, əsas məsələ odur ki, bu yenilik müəllimə əlavə məsuliyyət deyil, əlavə dəyər və motivasiya gətirsin:
"Əgər bu dəyişiklik müəllimlərə əlavə yük, hesabatlar və qalaq-qalaq sənəd yazmaq kimi çətinliklər bahasına başa gələcəksə, onun effektiv olacağına inanmaq çətindir. Hazırda müəllimlərin vaxtının böyük hissəsi sənədləşməyə sərf olunur, bu isə onların səmərəli dərs qurmaq imkanlarını azaldır.
Bu gün müəllim yalnız dərs saatlarında deyil, həm də dərsdən əvvəl və sonra çoxsaylı vəzifələr yerinə yetirir; dərsə hazırlıq, qiymətləndirmə, şagird və valideynlərlə iş, məktəbdaxili tədbirlərdə iştirak, sənədləşmə və s. Təəssüf ki, mövcud sistem bu fəaliyyətlərin hamısını tam şəkildə nəzərə almır. Əgər yeni model bu işlərin hamısını “iş saatı” anlayışına daxil edərsə, müəllim əməyinin dəyəri daha real şəkildə əks olunacaq və bu, onların motivasiyasını artıracaq".
Bununla belə, ən vacib məqam tətbiq mexanizmidir:
" “İş saatı” anlayışının necə ölçüləcəyi, müəllimin hansı fəaliyyətlərinin bu çərçivəyə daxil ediləcəyi və nəzarətin necə aparılacağı hələ də tam aydın deyil. Əgər bu proses düzgün tənzimlənməsə, əlavə bürokratik yük, qeyri-müəyyənlik və narazılıq yarana bilər.
Ümumilikdə, bu dəyişiklik məktəblərdə işin daha sistemli təşkili və müəllim fəaliyyətinin daha obyektiv qiymətləndirilməsi üçün yaxşı fürsət ola bilər. Lakin əsas məsələ odur ki, bu yenilik müəllimə əlavə məsuliyyət deyil, əlavə dəyər və motivasiya gətirsin".