Orta təhsil məktəblərində kompüter yönümlü sahələri istər informatika dərsləri çərçivəsində, istər ayrıca fənn kimi mütləq şəkildə süni intellektin tətbiqi ilə həyata keçirməliyik.
Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev söyləyib.
O, qeyd edib ki, ali təhsil müəssisələrində süni intellekt ixtisaslarının açılması ilə başlaya bilərik:
"Süni intellektlə bağlı bildiyiniz kimi, qloballaşan dünyada artıq informasiya texnologiyaları və kompüter yönümlü texniki sahələrə tələbat getdikcə artır. Məhz buna görə də biz, əgər dünya nəhəngləri ilə zamanla ayaqlaşmaq istəyiriksə, artıq indidən bunun təməlini mütləq şəkildə atmalıyıq. Çünki artıq 5-10 il ərzində demək olar ki, süni intellekt bütün sahələri əhatə edəcək və onun təsiri bir çox ixtisasların məhdudlaşdırılmasına gətirib çıxaracaq.
Məhz buna görə də mən düşünürəm ki, 5-10 il sonra bu sahəyə qoşulmaqdansa, indidən onun təməllərini ümumi orta təhsil məktəblərində süni intellekt dərslərinin keçirilməsi ilə, eləcə də ali təhsil müəssisələrində süni intellekt ixtisaslarının açılması ilə başlaya bilərik. Bu sahələrin açılması istər-istəməz gənclərin bu istiqamətə marağını artıracaq".
Kompüter yönümlü ixtisaslar üzrə dövlət plan yerləri hər il artırılır:
"Həmçinin, kompüter yönümlü ixtisaslar üzrə dövlət plan yerləri hər il artırılır. Ötən il həm dövlət sifarişli, həm də ödənişli əsaslarla kompüter yönümlü ixtisaslarda plan yerlərinin artırılması dövlətin bu istiqamətə olan diqqət və qayğısını bir daha ön plana çıxarır.
Bu səbəbdən biz orta təhsil məktəblərində kompüter yönümlü sahələri istər informatika dərsləri çərçivəsində, istər ayrıca fənn kimi mütləq şəkildə süni intellektin tətbiqi ilə həyata keçirməliyik. Yəni ya informatika dərsliklərində süni intellekt mövzularına geniş yer verməli, ya da ayrıca süni intellekt dərslərinin keçirilməsinə başlamalıyıq. Əgər biz 7-8-ci siniflərdən etibarən bu istiqamətdə dərslərə başlasaq, yuxarı siniflərdə şagirdlərdə həm süni intellektə maraq formalaşacaq, həm də kompüter yönümlü ixtisaslara meyillənmə artacaq. Bu da, təbii ki, dövlətin istəyinə uyğun olaraq, həmin ixtisaslara qəbul imkanlarını genişləndirəcək".
Biz gələcəkdə deyil, məhz indidən bu istiqamətdə addımlar atmalıyıq:
"Beləcə, 5-10 il sonra süni intellektin bütün dünyada əhatə dairəsi genişləndikcə, biz də dünya dövlətləri ilə rəqabət aparmaq imkanına malik olarıq. Ona görə də bu istiqamətdə mütləq və müvafiq addımlar indidən atılmalıdır.
Hazırda bizim gənclərimiz arasında süni intellekt istiqamətində böyük potensiala malik olanlar var. Orta ümumtəhsil məktəblərində və universitetlərdə bir çox gənclər artıq süni intellekt proqramları hazırlayırlar. Sadəcə, bu gənclərə düzgün istiqamət vermək lazımdır ki, onlar bu sahədə nailiyyətlər əldə edib ölkəmizin inkişafına töhfə verə bilsinlər.
Hazırda ChatGPT kimi proqramlar mövcuddur ki, internet resurslarından lazım olan məlumatları toplayaraq telefon vasitəsilə bizə təqdim edir və suallarımızı cavablandırır. Süni intellekt isə ayrıca, xüsusi proqramlar vasitəsilə həm suallara cavab verir, həm də müxtəlif prosesləri həyata keçirmək imkanına malikdir.
Məsələn, Türkiyədə bunun nümunəsini gördük: televiziyada robot müəllimin sinifə daxil olaraq dərs keçdiyini və şagirdlərin suallarını cavablandırdığını göstərmişdilər. Əgər bir robot müəllim süni intellekt proqramı vasitəsilə sinfi idarə edə və tədris prosesini həyata keçirə bilirsə, bu o deməkdir ki, artıq pedaqoji sahədə də müəyyən rəqabət yaranacaq.
Eyni zamanda, iqtisadiyyat və digər sahələrdə də süni intellektin təsiri qaçılmaz olacaq.
Buna görə də hesab edirəm ki, biz indidən bu istiqamətdə addımlar atmalı və dünya dövlətləri ilə rəqabətə hazır olmalıyıq".