Azedu.az

"Müəllim nüfuzu sözlə yox, layiqli maaşla bərpa olunmalıdır"

Xəbərlər

28 Oktyabr 2025, 11:50
"Müəllim nüfuzu sözlə yox, layiqli maaşla bərpa olunmalıdır"

Məllim ölkənin gələcəyini, cəmiyyəti formalaşdıran insandır. Onun işini saatla ölçmək mümkündür, amma gördüyü işin dəyərini saatla ölçmək mümkün deyil.

Bu sözləri AzEdu.az-a  əməkdar müəllim, sabiq deputat Sona Əliyeva danışıb. 

171043

Müsahibimiz qeyd edib ki, islahatlar müəllimi daha çox işlətməyə yönəlibsə, deməli,  infrastruktur da dəyişməlidir:

"Hər kəs çox yaxşı bilir ki, müəllimin işi sinfin qapısından kənara çıxdıqda da bitmir. Dərsə hazırlaşmaq gündəik yazmaq, jurnallar, qiymətləndirmə, valideynlərlə görüşlər, məktəbin daxilində əlavə tapşırıqlar… İllərdir bütün bunlar görünməz əməyin hesabına davam edir. Bu işlərin hansı qaydada sayılacağı, kim tərəfindən qiymətləndiriləcəyi hələ bəlli deyil. Əgər kriteriyalar müəyyən olunmadan dəyişiklik həyata keçirilsə, müəllimlər yenidən kağız-kuğuza, sənədə boğulacaq.

"Üstəlik, “iş saatı” məktəbdə daha uzun müddət qalmaq deməkdir. Bəs görəsən məktəblər müəllimə bunun üçün real şərait yarada biləcəkmi? Ümumi otaqda çay içə bilmirik, sanuzeller standartlara uyğun deyil, internet pis işləyir, texniki baza köhnədir. Belə şəraitdə iş vaxtının uzadılması sadəcə daha çox nəzarət və daha çox müəllimlərin yüklənməsinə gətirib çıxaracaq. İslahatlar müəllimi daha çox işlətməyə yönəlibsə, deməli,  infrastruktur da dəyişməlidir".

Hər yeni qərar müsbət addım demək deyil:

"Əgər bu addımın gerçək məqsədi əməkhaqqını artırmaqdırsa, bunu yenilik  adı ilə yox, müəllimin cibindəki real rəqəmlərlə göstərmək lazımdır. Nüfuz sözlə yox, dəyər qatan layiqli maaşla bərpa olunur. Nominal artım yox, yaşayışı dəyişən artım olmalıdır. Yoxsa “islahat” sözü sadəcə kağız üzərində qalacaq.
Düşünürəm ki, bu model yalnız o halda ədalətli ola bilər ki:, müəllimin işi açıq, şəffaf və obyektiv ölçülsün, heç kəsə əlavə iş və hesabat yüklənməsin, məktəbdə standartlara uyğun tam iş şəraiti təmin edilsin, maaş artımı isə real olsun. 

Unutmaq olmaz ki, müəllim ölkənin gələcəyini, cəmiyyəti formalaşdıran insandır. Onun işini saatla ölçmək mümkündür, amma gördüyü işin dəyərini saatla ölçmək mümkün deyil.  Əgər bu saatların qarşılığı veriləcəksə, dövlət də bu dəyəri real olaraq tanımalıdır. Təhsil islahatları müəllimi gücləndirməyə, təhsilin keyfiyyətini  artırmağa xidmət eləməlidir. Hər yeni qərar müsbət addım demək deyil".

Gürcüstanda ARA QARIŞDI - Minlərlə insan küçələrə axışdı
Son xəbərlərDaha çox