Adambaşına maliyyələşmə mexanizmi Azərbaycan təhsil sistemində uzunmüddətli islahatların məntiqi davamı kimi qiymətləndirilməlidir. Bu yanaşma, təhsil müəssisələrinin dövlət büdcəsindən aldıqları vəsaitin birbaşa şagird və ya tələbə sayına bağlanmasını nəzərdə tutur.
Bu fikirləri AzEdu.az-a Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli söyləyib.

O, qeyd edib ki, bu modelin əsas məqsədi dövlətin vəsaitlərini daha səmərəli, şəffaf və nəticəyönümlü şəkildə bölüşdürməkdir:
"Əslində, bu mexanizm ölkəmiz üçün yeni deyil ali və orta ixtisas təhsili müəssisələrində 2011-ci ildən, peşə təhsilində isə 2019-cu ildən tətbiq olunur. İndi isə həmin təcrübənin ümumi təhsil sisteminə yəni məktəblərə inteqrasiyası gündəmə gəlib. Bu keçid bütövlükdə təhsilin maliyyələşmə fəlsəfəsində dəyişiklik yaradır və “resurs bölgüsündə bərabərlik deyil, səmərəlilik prinsipi”ni ön plana çıxarır.
Bu modelin əsas məqsədi dövlətin vəsaitlərini daha səmərəli, şəffaf və nəticəyönümlü şəkildə bölüşdürməkdir. Əgər indiyə qədər məktəblər mərkəzləşdirilmiş qaydada, yəni sabit maliyyə limitləri ilə işləyirdilərsə, indi hər bir məktəbin maliyyə imkanları onun cəlb etdiyi şagirdlərin sayına, tədris keyfiyyətinə və idarəetmə qabiliyyətinə görə formalaşacaq. Bu, eyni zamanda məktəb rəhbərlərinin maliyyə planlaşdırması, resurs idarəçiliyi və məsuliyyət hissini artıracaq".
Azərbaycan üçün bu modelin müsbət tərəfləri də çoxdur:
"Beynəlxalq təcrübəyə baxdıqda, bu model bir çox ölkələrdə artıq sınaqdan keçib. Məsələn, Finlandiya, Estoniya, Böyük Britaniya və Niderland kimi ölkələrdə adambaşına maliyyələşmə uzun illərdir tətbiq olunur. Bu ölkələrdə məqsəd sadəcə maliyyə müstəqilliyi deyil, həm də məktəblər arasında sağlam rəqabət, keyfiyyətə əsaslanan inkişaf mühiti yaratmaqdır. Rəqabət məktəbləri daha çox yenilikçi yanaşmalara, valideyn və ictimaiyyətlə sıx əməkdaşlığa sövq edir. Eyni zamanda, bu modelin tətbiqi müəllimlərin təşəbbüskarlığını və məktəb idarəçiliyinin şəffaflığını artırır.
Azərbaycan üçün bu modelin müsbət tərəfləri də çoxdur. Əvvəla, məktəblər resurslarını daha rasional bölüşdürməyə, tədris keyfiyyətinə əsaslanan qərarlar verməyə başlayacaq. Yüksək nəticələr göstərən, şagird axını çox olan məktəblər daha çox maliyyə əldə edəcəklər. Bu, bir növ məktəblər arasında inkişaf dinamikası yaradır. İkincisi, maliyyə qərarlarının bir hissəsinin məktəblərin özündə verilməsi mərkəzləşməni azaldacaq və yerli təşəbbüsləri stimullaşdıracaq. Üçüncüsü, məktəblər yalnız dövlət büdcəsindən asılı qalmayacaq, əlavə resurslar cəlb etmək, tərəfdaşlıq layihələri qurmaq və sosial məsuliyyət proqramlarından yararlanmaq imkanlarını genişləndirəcək".
Bununla yanaşı, reallıq baxımından diqqət yetirilməli məqamlar da var:
"Azərbaycanın bəzi bölgələrində şagird sayı azdır və bu, həmin məktəblərin maliyyə imkanlarını məhdudlaşdıra bilər. Yəni eyni keyfiyyəti saxlamaq üçün əlavə dəstək mexanizmləri tətbiq olunmalıdır. İnfrastruktur və kadr resursları baxımından da bərabərlik tam təmin edilməyibsə, bu, bölgələrarası fərqləri dərinləşdirə bilər. Buna görə pilot mərhələnin 100 məktəbdə həyata keçirilməsi çox ağıllı addımdır çünki bu, sistemi birdən-birə deyil, təhlil və tənzimləmə ilə tətbiq etməyə imkan verəcək.
Bu modelin effektiv işləməsi üçün məktəb rəhbərlərinin maliyyə və idarəetmə bacarıqlarının artırılması xüsusi önəm daşıyır. Maliyyə savadlılığı, strateji planlaşdırma və performansa əsaslanan qərarvermə təcrübəsi olmadan bu sistem gözlənilən nəticəni verməz. Ona görə pilot mərhələdə yalnız mexanizmin sınaqdan keçirilməsi deyil, həm də rəhbərlik heyətinin hazırlığı və bacarıqlarının gücləndirilməsi əsas istiqamət olmalıdır.
Nəticə etibarilə, adambaşına maliyyələşmə modeli təkcə maliyyə islahatı deyil, həm də təhsil idarəçiliyinin yeni fəlsəfəsidir. Bu fəlsəfədə məktəb “mərkəzdən idarə olunan struktur”dan “öz inkişaf strategiyasını formalaşdıra bilən tədris institutu”na çevrilir. Əgər bu model düzgün mərhələlərlə, bərabərlik və ədalət prinsipləri qorunmaqla tətbiq olunsa, Azərbaycanın ümumi təhsil sistemi üçün dönüş nöqtəsi ola bilər",- deyə müsahibimiz fikrini yekunlaşdırıb.