Azedu.az

Bakıda “Avropada Təhsil” sərgisi açılıb

Xəbərlər

25 Oktyabr 2025, 17:33
Bakıda “Avropada Təhsil” sərgisi açılıb

Bakıda Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin təşkilatçılığı ilə “Avropada Təhsil” sərgisinin açılış mərasimi keçirilib.

AzEdu.az xəbər verir ki, iki gün davam edəcək sərgidə Avropanın 10 ölkəsini təmsil edən 30-dan çox universitet iştirak edir və potensial tələbələrə təhsil imkanları barədə məlumat təqdim olunur.

Sərginin açılış mərasimində çıxış edən Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Mariyana Kuyundziç bildirib ki, artıq beş ildən çoxdur ki, Azərbaycanın təhsil müəssisələri, eləcə də ölkənin elm və təhsil ictimaiyyəti ilə sıx əməkdaşlıq edirlər. Təhsil bütün imkanların təməlində dayanır.

“Biz sizi Avropa İttifaqının ali təhsil dünyasına dəvət edirik. “Taleyini təhsil yazsın” builki təhsil sərgisinin şüarıdır. Təhsil imkanlara açılan bir qapıdır və biz Azərbaycanın gənc nəslini Avropa İttifaqında ali təhsil sahəsində olan imkanları kəşf etməyə dəvət edirik”, - deyə səfir əlavə edib.

Qeyd olunub ki, “Avropada Təhsil” sərgisi Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin keçirdiyi genişmiqyaslı təhsil kampaniyasına daxildir. Sərgi həm də Aİ-Azərbaycan arasında daha geniş tərəfdaşlığın bir hissəsidir. Aİ Azərbaycanda təhsil sektorunu 29 layihə ilə dəstəkləyib.

Azərbaycanın elm və təhsil nazirinin müavini Həsən Həsənli çıxışında Azərbaycanda ali təhsil sistemində 2022-ci ildən etibarən genişmiqyaslı islahatlar həyata keçirildiyini diqqətə çatdırıb. “Bu islahatlar nəticəsində həm ali məktəblərə qəbul olunan tələbələrin, həm də dövlət sifarişli yerlərin sayı əhəmiyyətli dərəcədə artıb. “Hazırda ölkəmizdə fəaliyyət göstərən Fransa-Azərbaycan Universiteti, ADA Universiteti, Bakı Mühəndislik Universiteti ilə birlikdə yaradılan “Sabah” qrupları, həmçinin İtaliya və ABŞ universitetləri ilə birgə layihələr bu əməkdaşlığın bariz nümunəsidir. Bu təcrübələr gələcəkdə daha çox ikili diplom proqramlarının genişlənməsinə zəmin yaradacaq”, – deyə nazir müavini əlavə edib.

Sonra tədbirdə iştirak edən qonaqlar “Avropada Təhsil” sərgisi ilə yaxından tanış olub, universitet nümayəndələri ilə fikir mübadiləsi aparıblar.

Sərgi Azərbaycan ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, sərginin hər iki günündə təmənnasız olaraq keçiriləcək məlumat sessiyalarında Avropa universitetləri təhsil proqramlarını təqdim edəcəklər. Gənc Avropa Səfirləri Aİ-nin dəstəklədiyi təhsil imkanları haqqında da məlumat verəcəklər.

Zəngəzur dəhlizi bu tarixdə açılacaq - Kritik AÇIQLAMA
Son xəbərlərDaha çox