Azedu.az

Deputat: "Təhsil sektorunda gender yanaşmanın nəzərə alınmasına ehtiyac var"

Xəbərlər

24 Oktyabr 2025, 16:32
Deputat: "Təhsil sektorunda gender yanaşmanın nəzərə alınmasına ehtiyac var"

"Hazırda ümumtəhsil müəssisələrində çalışan müəllimlərin sayı 146 mindən çoxdur. 74 mindən çox müəllim şəhərdə, 68 mindən çoxu isə kəndlərdə fəaliyyət göstərir. Müəllimlərin 120-dən çoxu qadın, 25 mindən bir az çoxu isə kişidir. Bu da ondan xəbər verir ki, təhsil sektorunda gender yanaşmanın nəzərə alınması və bu istiqamətdə təşviqin gücləndirilməsinə ehtiyac var".

AzEdu.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Ümumi təhsil haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Vüqar Bayramov deyib.

O araşdırmalara toxunaraq bildirib ki, əsas səbəblərdən biri təhsil sferasında orta aylıq əməkhaqqının respublika üzrə orta aylıq əməkhaqqından nisbətən aşağı olması ilə bağlıdır:

"Nəzərə alsaq ki, inkişaf etmiş ölkələrdə, qardaş Türkiyədə təhsil sferasında orta aylıq əməkhaqqı digər sektorlarla müqayisədə, eləcə də ölkə üzrə orta aylıq əməkhaqqı ilə müqayisədə daha yüksəkdir. Sertifikasiya nəticəsində qiymətləndirmə orta aylıq əməkhaqıya təsir göstərir. Gözlənilir ki, növbəti dövrlərdə orta aylıq əməkhaqqında artımlar müşahidə olunacaq. Sertifikasiyanın da təkmilləşdirilməsi məqsədəuyğun olardı. Hazırda tətbiq olunan qaydalara əsasən, 51 və daha çox bal toplamış müəllimlərin əməkhaqqında 35 faiz artım qeydə alınır. Eləcə də 30 və 51 arası bal toplamış müəllimlərin əməkhaqqında isə 10 faiz artım qeydə alınır. Bu o deməkdir ki, 60 baldan 50 bal toplamış müəllimin əməkhaqqı cəmi 10 faiz artır. 50 bal 84 faizə yaxın nəticə deməkdir. Beynəlxalq sistemlər göstərir ki, 80 faizdən yüksək bal yığmaq A kateqoriyasıdır. Bu baxımdan, daha yüksək əməkhaqqı artımına şamil edilməlidir. 80 faizdən yuxarı bal toplayan müəllimlərin əməkhaqqı 35 faiz artırılması məqsədəuyğun olardı".

"Güzəştli kateqoriyaya keçmiş məcburi köçkünlərin əlavə edilməsini təklif edirəm. Onlar yenidən imtahana daxil olan zaman rüsum ödəməkdən azad olunsunlar", - deyə deputat vurğulayıb.

Qeyd edək ki, müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak ilk dəfə müsabiqədə iştirak edənlər və bir sıra şəxslər istisna olmaqla digər şəxslər üçün ödənişli olacaq. Təqdim olunan dəyişikliklərə əsasən ödəniş ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə "Müharibə veteranı" adı almış şəxslərə münasibətdə nəzərdə tutulmayıb.

Qabil Hüseynlidən ŞOK FAKTLAR - Mehdiyev kimlərin torbasını tikib?
Son xəbərlərDaha çox