Azedu.az

MDU regionun ən böyük Universitet–Sənaye Birliyi Sammitinə ev sahibliyi edir

Xəbərlər

24 Oktyabr 2025, 16:12
MDU regionun ən böyük Universitet–Sənaye Birliyi Sammitinə ev sahibliyi edir

2025-ci ilin 24 oktyabr tarixində Mingəçevir Dövlət Universiteti (MDU), Azərbaycan–Türkiyə İş Adamları Birliyi (ATİB) və “HBN Group Academy”nin təşkilatçılığı ilə “Regional Universitet–Sənaye Birliyi Sammiti 2025” uğurla keçirilib. Tədbirin əsas tərəfdaşı Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi
(4SİM), gümüş sponsoru isə “Job in Global” şirkəti olub.

AzEdu.az xəbər verir ki, “Arena Hotel Kür”də baş tutan sammit Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, “Zəfər sədası” uşaq xor qrupunun ifasında Azərbaycan Respublikasının Dövlət Himninin və MDU-nun himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Dövlət Bayrağı və universitetin
bayrağı tədbir meydanına gətirilib.

Tədbiri MDU-nun rektoru Anar Eminov açaraq sammitin məqsəd və əhəmiyyətindən danışıb. O, bildirib ki, “Regional Universitet–Sənaye Birliyi Sammiti 2025” ölkənin regionlarında təhsil müəssisələri ilə sənaye subyektləri arasında qarşılıqlı əməkdaşlıq mexanizmlərini gücləndirmək, gənclərin məşğulluq və innovasiya potensialını artırmaq baxımından mühüm addımdır.

Rektor qeyd edib ki, tədbir “Regiondan Qlobala” konsepti əsasında reallaşaraq, Mingəçevirin elm, təhsil və sənaye inteqrasiyası baxımından strateji mərkəzə çevrilməsi istiqamətində əhəmiyyətli mərhələdir. O, vurğulayıb ki, sammitin məqsədi regionlarda universitet–sənaye əməkdaşlığının yeni modelini formalaşdırmaq, startap və innovasiya təşəbbüslərinə dəstək vermək, dövlət və özəl sektorun birgə iştirakını təmin etməklə regional iqtisadi inkişafı sürətləndirməkdir.

A.Eminov bildirib ki, bu ilki sammit çərçivəsində 110-dan çox dövlət və özəl müəssisə, 87 startap layihəsi, universitet və innovasiya mərkəzi iştirak edir. Sammitin təkcə əmək bazarının real tələbləri ilə ali təhsilə inteqrasiyası üçün olmadığını diqqətə çatdıran rektor eyni zamanda regionlarda innovativ ekosistemin
formalaşması üçün də önəmli bir körpü rolunu oynadığını bildirib. O, çıxışında tədbirin ərsəyə gəlməsində əməyi olan təşkilatçılara, tərəfdaşlara və sponsorlara minnətdarlığını bildirib və onların bu təşəbbüsə verdikləri dəstəyi yüksək qiymətləndirib.

Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək belə bir miqyaslı və əhatəli tədbirin Mingəçevirdə keçirilməsini təqdirəlayiq hadisə kimi dəyərləndirib. O, vurğulayıb ki, sammit regionun iqtisadi və sosial inkişafına, eləcə də gənclərin gələcək karyera imkanlarının genişlənməsinə mühüm
töhfə verəcək.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin şöbə müdiri Müjdət Həsənov ali təhsil müəssisələrinin sənaye ilə inteqrasiyasının vacibliyini qeyd edərək, belə təşəbbüslərin universitetlərin tətbiqi yönümlü fəaliyyətini gücləndirdiyini vurğulayıb.

“HBN Group Academy”nin icraçı direktoru Tariyel Dövlətov çıxışında sammitin ideya müəlliflərindən biri kimi layihənin reallaşmasının təhsil və biznes sektorları arasında sinerjinin nəticəsi olduğunu bildirib. ATİB-in sədri Mürsəl Rüstəmov iki qardaş ölkə arasında iqtisadi və akademik əməkdaşlığın dərinləşdirilməsində bu sammitin önəmli platforma olduğunu qeyd edib.

Dövlət Məşğulluq Agentliyinin (DMA) İdarə Heyətinin sədr müavini Ramal Quluzadə gənclərin məşğulluq imkanlarının artırılması baxımından universitet–sənaye əməkdaşlığının strateji əhəmiyyət daşıdığını vurğulayıb.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı isə dövlət və özəl sektorun birgə fəaliyyətinin regional iqtisadiyyatın dayanıqlığına xidmət etdiyini bildirib. “SmartNation” platformasının təsisçisi Şəbnəm Məmmədova və Azərbaycan HR İnstitutunun direktoru Emil Hüseynov rəqəmsal bacarıqların, innovasiyanın və insan kapitalının inkişafında universitet–şirkət tərəfdaşlığının roluna diqqət çəkiblər.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin üzvü Ramin Cəfərov və 4SİM-in şöbə müdiri Gülminə Məlikzadə çıxışlarında sammitin dövlət-özəl əməkdaşlığına yeni nəfəs gətirdiyini vurğulayıblar.
Tədbirin sonunda MDU ilə DMA, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası, ASK, Azərbaycan HR İnstitutu və Proqress Təlim və Tədris Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb. Bu memorandumlar gələcəkdə birgə layihələrin, təcrübə proqramlarının və elmi-tədqiqat təşəbbüslərinin həyata
keçirilməsini nəzərdə tutur.

Sammit çərçivəsində DMA ilə birgə Karyera Sərgisi təşkil olunub. Sərgidə 110- dan çox dövlət və özəl müəssisə öz vakansiyalarını, fəaliyyət istiqamətlərini və xidmətlərini təqdim edib. Tədbirdə təhsil müəssisələri, dövlət agentlikləri, maliyyə və istehsal sektorları, ticarət, logistika, konsaltinq, turizm, media və sosial xidmətlər
sahələrini təmsil edən qurumlar iştirak ediblər. Rəsmi hissədən sonra sərgiyə baxış keçirilib və tələbələrlə şirkət nümayəndələri arasında fərdi görüşlər təşkil olunub. Sammit çərçivəsində keçirilən “UniStartup” müsabiqəsində 87 startap layihəsi təqdim olunub. MDU və digər region universitetlərinin tələbə və magistrant komandalarının hazırladığı layihələr “SmartNation”, “HTEC-Invest”, Rəqəmsal İnkişaf Agentliyi və “Synergy Consulting”in ekspertləri tərəfindən qiymətləndirilib.

Bundan əlavə, sammitdə “Enem-AY Audit and Tax” MMC-nin təsisçisi İlkin Dövlətov, “SmartNation” platformasının rəhbəri Şəbnəm Məmmədova, “Mutfakçı” şirkətinin rəhbəri İlkin Manafov və “Resource HUB” MMC-nin direktoru Gülnarə İsmayılova tərəfindən master-klass təqdimatları keçirilib.

Tədbirin sonunda sammitin ərsəyə gəlməsində və təşkilində fəallıq göstərənlər MDU-nun rektoru Anar Eminov tərəfindən təşəkkürnamələrlə təltif olunublar. Sammit “Zəfər sədası” uşaq xor qrupunun vətənpərvərlik ruhunda musiqiləri ilə başa çatıb.

Tədbirdə Mingəçevir və ətraf regionlardan olan tələbə, magistrant, məzun və işaxtaran gənclər iştirak ediblər.
Sammit iştirakçıları regionlarda innovasiya potensialının artırılması, universitet–sənaye əməkdaşlığının möhkəmləndirilməsi və gənclərin rəqəmsal bacarıqlarının inkişafı istiqamətində fikir mübadiləsi aparıblar.

Qabil Hüseynlidən ŞOK FAKTLAR - Mehdiyev kimlərin torbasını tikib?
Son xəbərlərDaha çox