Peşə hazırlığının təşkili üçün 16.7 milyon manat, təqaüdlərin ödənilməsinə 7.9 milyon manat, beynəlxalq sertifikasiya kurslarına 0.5 milyon manat, peşə hazırlığının təbliğatı forumu üçün 0.5 milyon manat, peşə hazırlığı mərkəzlərində tədris olunan peşələr üzrə əyani tədris materiallarının hazırlanması üçün 0.4 milyon manat vəsait ayrılması nəzərdə tutulur.
Bu vəsaitlərin ayrılması peşə təhsilinin keyfiyyətinin artırılmasına və əmək bazarının tələblərinə uyğun kadr hazırlığına hansı konkret nəticələri verə bilər?
AzEdu.az-a mövzu ilə bağlı Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli danışıb.
O, qeyd edib ki, təqaüdlərin verilməsi və maarifləndirmə forumlarının keçirilməsi də gənclərin bu sahəyə marağını artırmaq baxımından önəmlidir:
"Peşə təhsilinə ayrılan vəsaitlər əslində sadəcə büdcə rəqəmləri deyil, gələcək əmək bazarının keyfiyyətinə qoyulan sərmayədir. Bu vəsaitlərin məqsədyönlü şəkildə xərclənməsi təhsilin strukturunda real dəyişikliklər yarada bilər. Əgər vəsaitlər infrastrukturun yenilənməsi, tədris mühitinin müasir avadanlıqlarla təmin olunması, beynəlxalq təcrübələrin tətbiqi və müəllim heyətinin peşəkar inkişafına yönəldilərsə, nəticədə peşə təhsili uzun illərdir cəmiyyətdə formalaşmış “ikinci dərəcəli seçim” imicindən çıxaraq əmək bazarının ən dinamik qoluna çevrilə bilər.
Ən vacib məsələ bu vəsaitlərin yalnız fiziki şəraitin yaxşılaşdırılmasına deyil, həm də tədrisin məzmununa və keyfiyyətinə yönəlməsidir. Çünki müasir dövrdə əmək bazarı artıq diplomdan çox, bacarığı qiymətləndirir. Bu baxımdan, beynəlxalq sertifikasiya proqramlarının, praktiki təlimlərin və real istehsalat mühitinə əsaslanan tədris modellərinin genişləndirilməsi gələcək nəticələrin açarı olacaq".
Əsas məsələ ayrılan məbləğlər deyil, bu məbləğlərin strateji düşüncə ilə yönləndirilməsi və nəticənin ölçülə bilən göstəricilərlə qiymətləndirilməsidir:
"Digər tərəfdən, təqaüdlərin verilməsi və maarifləndirmə forumlarının keçirilməsi də gənclərin bu sahəyə marağını artırmaq baxımından önəmlidir. Çünki bu, dövlətin peşə təhsilinə verdiyi dəyərin cəmiyyətə açıq mesajıdır. Gənc artıq anlayır ki, burada oxumaq onun gələcək əmək həyatında həm maddi, həm də sosial baxımdan qazanc deməkdir.
Əgər bu proseslər ardıcıl və sistemli şəkildə həyata keçirilərsə, yaxın illərdə biz peşə təhsilinin həm əmək bazarının real tələblərinə cavab verən, həm də iqtisadiyyatın əsas dayaqlarından birinə çevrilən bir sahə kimi formalaşdığını görə bilərik. Burada əsas məsələ ayrılan məbləğlər deyil, bu məbləğlərin strateji düşüncə ilə yönləndirilməsi və nəticənin ölçülə bilən göstəricilərlə qiymətləndirilməsidir".