Xəbər verdiyimiz kimi gələn il gənc müəllimlərin kənd məktəblərinə cəlb olunması üçün onların əməkhaqqına əlavələrin ödənilməsi üçün 20.1 milyon manat xərclənəcək.
Maraqlıdır, 20,1 milyon manatlıq bu təşviq proqramı kənd yerlərində müəllim çatışmazlığı probleminin həllinə real təsir göstərə bilərmi?
Mövzu ilə bağlı AzEdu.az-a iqtisadçı ekspert Günay Hüseynova açıqlama verib.

O, bildirib ki, bu gün müəllimə ödəniş ödənilməsi bu problemlərin həllini tapması demək deyil:
"Əmək haqqına əlavələrin ödənilməsi üçün ayrılan vəsait həm kəndlərdə müəllim çatışmazlığının aradan qaldırılması, həm də regionların iqtisadi inkişafı üçün nəzərdə tutulub. Məlumdur ki, paytaxt Bakı meqapolisləşib, rayon-kənd əhalisinin əksəriyyəti paytaxtda cəmləşib. Rayon-kənd məktəblərinin əksəriyyətində 3-5 şagird var, bəzilərində siniflər birləşdirilib, bununla yanaşı müəllim çatışmazlığı problemi də mövcuddur.
İqtisadi səmərə təşkil etməsi üçün uzunmüddətli olmalıdır, həmçinin şərtlərə də təfərrüatlı nəzər salmaq lazımdır. Yəni hansısa gənc düşünməsin ki, balım az oldu, kənd məktəbinə düşdüm, ödəniş də verəcəklər, 1-2 il sonra qayıdıb gələrəm Bakıya və ya öz rayonuma".
Hər ali təhsilli şəxs universiteti bitirib dərhal iş tapmır:
"Təhsildə bu cür addımı uyğun hesab etmirəm. Hətta düşünürəm ki, şəxsin son 5 ildəki qeydiyyat ünvanına baxmaq lazımdır. Harada qeydiyyatdadırsa, oraya təyinatı verilməlidir, topladığı baldan asılı olmayaraq. Seçim edib etməmək şəxsin sərbəst seçimi olmalıdır.
İşsizlik problemi onsuz da mövcuddur, hər ali təhsilli universiteti bitirib dərhal iş tapmır. Həmçinin regionların iqtisadi inkişafı üçün külli miqdarda vəsait ayrılıb. Bundan əlavə, təhsil və pul faktoru tamamı ilə uzaqlaşdırılmalıdır. Şagird elə düşünməsin ki, pul verilməsə, müəllim burda məcburi qalıb mənə dərs tədris etməyəcəkdi.
Müəllim çatışmazlığı probleminin bir səbəbi də kişi müəllimlərin qıtlığıdır. Qadın müəllimlər isə tanımadığı, bilmədiyi ucqar kəndə getmək istəmir və ya ailələri icazə vermir; ailəli olanlar isə həyat yoldaşının işi ilə əlaqədar gedə bilmir. Yəni bu gün müəllimə ödəniş ödənilməsi bu problemlərin həllini tapması demək deyil. Ona görə də təklif etdiyim kimi, son 5 ildə stabil qeydiyyatda olduğu əraziyə uyğun təklif verilməlidir".