Azedu.az

 "Bu, kənd məktəbləri üçün daimi həll yolu deyil"

Xəbərlər

24 Oktyabr 2025, 15:45
 "Bu, kənd məktəbləri üçün daimi həll yolu deyil"

Gələn il gənc müəllimlərin kənd məktəblərinə cəlb olunması üçün onların əməkhaqqına əlavələrin ödənilməsi üçün 20.1 milyon manat xərclənəcək. Bu, "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Bu qərar gənc müəllimlərin kənd məktəblərində işləməyə marağını artıracaqmı?

AzEdu.az-a mözvu ilə bağlı əməkdar müəllim, sabiq deputat Sona Əliyeva danışıb. 

Müsahibimiz qeyd edib ki, bu, bir müddətlik stimuldur, amma davamlı həll deyil:

"Mən bu qərarı müsbət, lakin gecikmiş qərar hesab edirəm. 20,1 milyon manatın gənc müəllimlərin kənd məktəblərində işləməsinə yönəldilməsi vacibdir, çünki illərdir region məktəbləri kadr çatışmazlığından əziyyət çəkir. Amma təkcə maaşa əlavə verməklə bu problemi köklü həll etmək mümkün deyil. Kənddə işləmək təkcə iş deyil, həm də həyat tərzidir  və bu həyat tərzini cəlbedici etmək üçün real şərait lazımdır. 

Əgər müəllim kəndə gedir, amma kirayə ev tapa bilmir, məktəbdə istilik yoxdur, ictimai nəqliyyat işləmir və sosial mühitdən təcrid olunursa  heç bir əlavə ödəniş o insanı orada saxlaya bilməz. Bu, bir müddətlik stimuldur, amma davamlı həll deyil".

Kənd müəllimi təkcə tədris edən deyil  o, həmin kəndin mədəni simasıdır:

"Dövlət bu məsələni sistemli şəkildə görməlidir: kənd müəlliminin maaşını artırmaqla yanaşı, onun yaşayış şəraitini, sosial statusunu və peşəkar inkişaf imkanlarını da yaxşılaşdırmalıdır. Kənd müəllimi təkcə tədris edən deyil  o, həmin kəndin mədəni simasıdır. Onun dəyəri “əlavə maaş”la ölçülməməlidir. Əgər bu qərar kompleks tədbirlərlə dəstəklənsə  yəni yaşayış, nəqliyyat, peşəkar inkişaf, mentorluq və sosial təminat kimi məsələlər həll olunsa o zaman bu, kənd təhsili üçün dönüş nöqtəsi ola bilər. Əks halda, biz eyni problemi illər sonra yenidən müzakirə edəcəyik".

Qabil Hüseynlidən ŞOK FAKTLAR - Mehdiyev kimlərin torbasını tikib?
Son xəbərlərDaha çox