Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin 7-10 oktyabr tarixlərində keçirilən müsahibə mərhələsindən 40 bal toplayanlardan biri də biologiya müəllimi Əliyev Elşad Xanbala oğludur.
Bu münasibətlə AzEdu.az Elşad müəllimlə əlaqə saxlayaraq onun təəssüratlarını öyrənib.
Müsahibə mərhələsindən maksimum 40 bal toplayan Elşad müəllim bildirlib ki, müəllimlər davamlı olaraq öz ixtisas biliklərini artırmalı, müasir texnologiyaları təhsildə tətbiq etməlidirlər:
"Cəlilabad rayonu Bayxanlı kəndində anadan olmuşam. 2003-2007-ci illərdə Gəncə Dövlət Universitetinin biologiya ixtisası üzrə məzunuyam. 2007-ci ildə Cəlilabad rayon Bayxanlı kənd tam orta məktəbində ilk pedaqoji fəaliyyətimə başlamışam. Daha sonra həmin məktəbdə təşkilatçı direktor müavini vəzifəsində çalışmışam. 2014-cü ildə Elm və Təhsil Nazirliyinin təşkil etdiyi yerdəyişmə imtahanında yüksək bal toplayaraq Bakı şəhəri 78 nömrəli tam orta məktəbə biologiya müəllimi təyin olunmuşam. Hazırda sözügedən məktəbin tərkibində fəaliyyət göstərən Kiçik Akademiyanın prezidentiyəm.
2015-ci ildən Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlıq edirəm. Burada test tapşırıqlarının hazırlanması və ekspert kimi fəaliyyət göstərirəm. Həmçinin, Elm və Təhsil Nazirliyinin Müəllimlərin İşə Qəbul üzrə müsabiqə komissiyasında komissiya üzvü kimi də iştirak etmişəm.
2024-cü ildə “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 8-ci qrant müsabiqəsi”ndə interaktiv biologiya layihəsinin qalibi olmuşam və “Biologiya qiymətləndirmə vasitəsi” vəsaitinin həmmüəllifiyəm. Sertifikasiyanın test mərhələsindən 58, müsahibə mərhələsindən isə 40 bal toplamışam.
Müsahibə mərhələsindən 40 bal toplamağı gözləyirdim. Çünki artıq 18 illik pedaqoji təcrübəm var. Verilən suallar və onların istiqamətləri haqqında məlumatlı idim. İnanırdım ki, 40 bal toplayacağam. Müsahibə mərhələsində təqdim edilən suallar daha çox gündəlik məktəb situasiyaları ilə bağlı idi. Hesab edirəm ki, verilən suallar müəllimin mövcud bacarıqlarını qiymətləndirmək üçün yetərlidir.
Sertifikasiya prosesinin tətbiqini uğurlu hesab edirəm. Çünki müəllimlər davamlı olaraq öz ixtisas biliklərini artırmalı, müasir texnologiyaları təhsildə tətbiq etməlidirlər. Sertifikasiya təkcə ixtisasla bağlı deyil, həm də metodika ilə bağlı sualları əhatə edir. Müəllim həm də metodik bilik və bacarıqlara yiyələnməlidir. Ona görə də sertifikasiya prosesinin davamlı şəkildə həyata keçirilməsini müsbət addım kimi qiymətləndirirəm.
Qeyd etdiyim kimi, mən qiymətləndirmə tapşırıqlarının hazırlanması ilə məşğul olduğumdan məsələyə daha adekvat yanaşıram. Fikrimcə, sualların tərtibi orta məktəb tədris proqramına uyğun idi. Nəzərə alsaq ki, müəllim gündəlik dərsə daxil olarkən mövcud biliklərdən istifadə edir, əlbəttə ki, müəyyən bir qisim suallar orta səviyyədən yuxarı idi.
Bu il ilk dəfə idi ki, biologiya fənni üzrə sertifikasiya keçirildi. Hesab edirəm ki, sualların səviyyəsi mövcud biliklərin qiymətləndirilməsi üçün adekvat idi.
Ümumilikdə, diqqət kəmiyyətə deyil, keyfiyyətə yönəlməlidir. Müəllim davamlı olaraq öz üzərində çalışmalı, müasir yeniliklərə açıq olmalıdır. Bizdə müəllimlər arasında yaranan ən böyük problemlərdən biri metodiki yanaşmada daha çox səhvlərə yol verilməsidir. Ona görə də müəllimlər yalnız ixtisas bilikləri ilə kifayətlənməməli, həm də metodik biliklərə yaxşı yiyələnməlidirlər".