Madriddə aparılan yeni elmi tədqiqat valideynlərin təhsil səviyyəsi və ailə mühitinin uşaqların tədris nailiyyətlərinə təsirini araşdırıb. Nəticələr göstərib ki, ailə mühiti uşağın uğurlarında mühüm rol oynasa da, bu təsir fənlər üzrə fərqli şəkildə özünü göstərir.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, araşdırmanın müəllifləri Gaëlle Aymeric, Emmanuelle Lavaine və Brice Magdalou bildiriblər ki, uşaqların akademik göstəriciləri valideynlərin təhsil səviyyəsi və ailənin övladın təliminə ayırdığı diqqət ilə sıx bağlıdır.
Riyaziyyat fənnində valideyn təsiri uşağın yaşı artdıqca azalmağa meyillidir;
Ədəbiyyat fənnində əvvəlcə artır, daha sonra zəifləyir;
İngilis dilində isə bu təsir yaş artdıqca güclənir.
Müəlliflər hesab edirlər ki, bu nəticələr “valideyn mühiti”nin bütün fənlər üçün eyni nəticə doğurmadığını sübut edir. Onların fikrincə, təhsil siyasətində uşağın fənn yönümlü inkişafına uyğun fərqli ailə dəstəyi modelləri nəzərdə tutulmalıdır.
“Uşağın təhsil uğuru məktəbdən çox, evdə formalaşan mühitlə bağlıdır. Lakin bu təsir fənn və yaş amilindən asılı olaraq dəyişir.”
Bu araşdırma ailə amilinin tədris prosesinə təsirini daha dərindən anlamağa və təhsil siyasətində fərdi yanaşmanın vacibliyini önə çıxarmağa yönəlib.