Bu gün bir çox məktəblərdə sinif müəllimləri təsviri incəsənət və texnologiya dərslərini formal şəkildə keçərək, həmin vaxtı Azərbaycan dili və ya riyaziyyat dərsinə ayırmağa üstünlük verirlər.
Bu sözləri AzEdu.az-a açıqlamasında Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli bildirib.
Müsahibimiz qeyd edib ki, təhsil sistemi elə qurulub ki, əsas diqqət test nəticələrinə və göstəricilərə yönəlib:
"Əslində bu məsələ təkcə hansı fənni kim keçməlidir sualı deyil, ibtidai təhsilin mahiyyətinə və onun məqsədinə yanaşma məsələsidir. Biz çox zaman ibtidai sinfi yalnız oxuma-yazma öyrədilən mərhələ kimi görürük. Amma reallıqda bu dövr uşağın şəxsiyyətinin formalaşdığı, maraqlarının və bacarıqlarının təməlinin qoyulduğu ən kritik mərhələdir.
Valideynlərin narahatlığını anlamaq olar. Çünki bu gün bir çox məktəblərdə sinif müəllimləri təsviri incəsənət və texnologiya dərslərini formal şəkildə keçərək, həmin vaxtı Azərbaycan dili və ya riyaziyyat dərsinə ayırmağa üstünlük verirlər. Bu isə, bəli, bir növ “nəticəyə hesablanmış” yanaşmadır. Müəllim bəzən qiymətləndirmə və ya nəticə göstəricilərinə görə humanitar və yaradıcı fənləri ikinci plana atır. Amma burada problem tək müəllimdə deyil, sistemin özündədir".
Ekspertin fikrincə, heç bir test uşağın yaradıcı düşünmə qabiliyyətini, estetik zövqünü və əl bacarığını ölçə bilmir:
"Biz təhsil sistemini elə qurmuşuq ki, əsas diqqət test nəticəsinə, göstəriciyə yönəlib. Amma heç bir test uşağın yaradıcı düşünmə qabiliyyətini, estetik zövqünü və əl bacarığını ölçə bilmir. Halbuki bu bacarıqlar gələcəkdə onun həyat keyfiyyətini, düşüncə çevikliyini və problem həll etmə qabiliyyətini formalaşdırır.
Təsviri incəsənət və texnologiya fənləri uşağın beyninin fərqli sahələrini aktivləşdirən, onun hiss, düşüncə və təxəyyül dünyasını zənginləşdirən dərslərdir. Uşaq kağız üzərində bir ağac çəkərkən, əslində dünyanı dərk etmə tərzini formalaşdırır. Texnologiya dərsində bir sadə əşya düzəldərkən, gələcəkdə tətbiqi bacarıqların ilkin təməlini atır. Bu fənlərin itirilməsi - uşağın gələcəkdə yaradıcı, düşünən fərd kimi formalaşmasının zəifləməsi deməkdir".
Əmrah Həsənlinin sözlərinə görə, əgər məktəbin imkanları varsa, bu fənlərin müvafiq ixtisaslı müəllimlər tərəfindən tədris olunması daha məqsədəuyğundur:
"Əgər belə imkan yoxdursa, sinif müəllimlərinin bu sahələr üzrə ixtisasartırma kurslarından keçməsi vacibdir. Çünki bu fənlərə yalnız “rəsm çəkək” və ya “bir şey yapışdıraq” kimi baxmaq olmaz. Burada uşağa estetikanı, dəqiqliyi, zövqü, səbr və diqqəti öyrətmək var.
Əgər biz təhsili təkcə imtahan nəticəsinə deyil, uşağın bütöv inkişafına yönəltmək istəyiriksə, bu cür “balaca” görünən fənlərin dəyərini daha çox anlamalıyıq. Çünki bir uşaq gələcəkdə yazıçı da ola bilər, mühəndis də, rəssam da. Amma bütün hallarda onun yaradıcılıq təməlinin formalaşdığı yer - ibtidai sinifdəki o rəngli, maraqlı, sərbəst dərslərdir".