Bakıda 17 yaşlı yeniyetmə taxta udaraq qarın nahiyəsində kəskin ağrı, ürəkbulanma, təkrarlanan qusma və hipertermiya şikayətləri ilə Kliniki Tibbi Mərkəzin (KTM) Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə gətirilib.
AzEdu.az Report-a istinadən xəbər verir ki, müayinələr nəticəsində xəstəyə peritonit diaqnozu qoyulub və əməliyyatönü hazırlıqdan sonra təxirəsalınmaz cərrahi müdaxilə aparılıb. Nazik bağırsaq seqmentinin rezeksiyası, yoğun bağırsağın defektinin tikilməsi əməliyyatı icra olunub.
Əməliyyat zamanı nazik bağırsaqda, iliosekal küncdən 70–80 sm məsafədə, iki yerdə deşici (perforativ) zədələnmə müəyyən olunub. Bu perforasiyalara səbəb bağırsaq mənfəzində yerləşən iti və sərt yad cisim taxta parçası olub. Bundan əlavə, yoğun bağırsaqda da perforativ dəlik və bütün nazik bağırsaq boyunca mənfəz daxilində müxtəlif ölçülü, iti uclu, sərt yad cisimlər aşkarlanıb.
Uğurlu cərrahi müdaxilə və 8 günlük stasionar müalicə nəticəsində xəstənin vəziyyəti kafi qiymətləndirilib və o, ambulator müalicə üçün evə buraxılıb.