Azedu.az

Professor: Bəziləri üçün məqalə yazmaq vəzifə öhdəliyidir, elmi maraq yox

Xəbərlər

23 Oktyabr 2025, 10:05
Professor: Bəziləri üçün məqalə yazmaq vəzifə öhdəliyidir, elmi maraq yox

"Vəzifədə olarkən məqalələrin sayı həndəsi silsilə ilə artır, amma vəzifədən ayrıldıqdan sonra məqalə sayı sıfıra enir".

Bu sözləri AzEdu.az-a açıqlamasında Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor Zahid Məmmədov bildirib.

Onun sözlərinə görə, təcrübə göstərir ki, Azərbaycanda vəzifədə ikən bəzi şəxslərin elmi əsərlərinin sayı həndəsi silsilə ilə artır:

"Onlarla məqalə yazmaq üçün sıraya dururlar. Lakin vəzifədən ayrıldıqdan sonra bu məqalə fəaliyyəti dayanır. Vəzifəyə gedən kimi məqalələrin sayı sürətlə artır. İndi sual yaranır: bəs bu məqalələri niyə davam etdirmirsiniz?

Bir gün Əziz Sancar Bakıya gəlmişdi və rektorlardan biri ilə görüşmüşdü. Həmin rektor ona sual verib ki, “sizin nə qədər məqaləniz var?” O, cavab verib ki, mənim məqalələrimin sayı 100-ə yaxın ola bilər. Rektor isə deyib: “siz nə danışırsınız, mənim 3 mindən çox məqaləm var”. Əziz Sancar isə zarafatla söyləyib ki, “deməli, mənə Nobel mükafatını səhv veriblər. Sənin 3 mindən çox məqalən olduğunu bilsəydilər, onu sənə verərdilər”.

Siz təsəvvür edin, lovğalıq və özündən razılıq hansı səviyyəyə çatıb. İnsanda keyfiyyətə görə yox, məqalə sayına görə fəxr etmək olarmı? Axı sənin yazdığın məqalələr tutduğun vəzifə ilə bağlı olub. Niyə vəzifədən sonra davam etdirmirsən?

Bu mövzu ilə bağlı böyük araşdırma aparıram. Düşünürəm ki, etik qaydalarda dəyişiklik etmək lazımdır. Etik qaydalarda göstərilməlidir ki, vəzifədə olan şəxs maraqların toqquşması çərçivəsində etik prinsipləri gözləməlidir. Bu, öz növbəsində akademik əxlaq məsələsidir.

Vəzifədə olarkən məqalələrin sayı həndəsi silsilə ilə artır, amma vəzifədən ayrıldıqdan sonra məqalə fəaliyyəti sıfıra enir", - deyə Z. Məmmədov qeyd edib.

GƏRGİNLİK ARTDI! Rusiyada ara qarışdı - Dağıstan vuruldu!
Son xəbərlərDaha çox