Azedu.az

Üçüncü xarici dil hansı ölkələrdə tədris olunur?

Xəbərlər

22 Oktyabr 2025, 16:53
Üçüncü xarici dil hansı ölkələrdə tədris olunur?

Müasir dünyada qlobal təhsil sistemləri artıq yalnız bilik ötürməklə kifayətlənmir, şagirdləri çoxdilli və çoxmədəni mühitə uyğun yetişdirməyə çalışır. Bu baxımdan bir çox ölkələr üçüncü dilin tədrisini məktəb proqramlarına daxil edir. UNESCO-nun məlumatına görə, dünyada uşaqların təxminən 40 faizi məktəbdə öz ana dilində təhsil almır ki, bu da oxuma və anlama bacarıqlarını zəiflədə bilər. Buna görə də bir çox ölkələr “ana dili + dövlət dili + beynəlxalq dil” modelini tətbiq edir ki, şagirdlər həm ana dilini, həm milli dili, həm də beynəlxalq dili öyrənsinlər.

AzEdu.az bununla bağlı araşdırma aparıb.

Məsələn, Finlandiyada şagirdlər erkən yaşlardan rəsmi dillərdən biri olan fin və ya isveç dilini öyrənir, eyni zamanda xarici dil kimi ingilis dili tətbiq olunur. “Content and Language Integrated Learning” modeli çərçivəsində biologiya və riyaziyyat - ingilis dilində tədris olunur ki, uşaqlar yalnız dili deyil, beynəlxalq akademik mühiti də tanısınlar. Filippinlərdə isə 2012-ci ildən tətbiq olunan “Mother Tongue-Based Multilingual Education” proqramı çərçivəsində şagirdlər ana dilində təhsil alır, daha sonra filippin və ingilis dillərinə keçirlər. Bu sistem həm yerli mədəniyyətlərin qorunmasına, həm də beynəlxalq dil bacarıqlarının inkişafına xidmət edir.

Latın Amerikasında Peru “Intercultural Bilingual Education” modelini tətbiq edir. Burada yerli dillər, xüsusilə keçua dili, ispan dili ilə yanaşı öyrədilir ki, şagirdlər həm dil, həm də mədəniyyətlərarası bacarıqlar qazansınlar. İsveçrə isə çoxdilli təhsil sistemində Alman, Fransız, İtalyan və Romansh dillərini birləşdirir və bu yanaşmanın iqtisadi faydası da ölkənin ÜDM-nə təxminən 10 faiz töhfə verir. Hindistanda “Üç dil formulu” tətbiq olunur: şagirdlər ana dillərini, hindi və ya ingilis dilini, həmçinin regional dilləri öyrənir. Cənubi Afrikada isə 11 rəsmi dil mövcuddur və şagirdlər ana dilində oxuma-yazma bacarığını qazanır, daha sonra mərhələli şəkildə ingilis dilinə keçirlər.

Çoxdilli təhsil şagirdlərdə oxu-anlama bacarıqlarını artırır, beynəlxalq əmək bazarında üstünlük yaradır və mədəni çevikliyi inkişaf etdirir. Lakin bu sistem müəllimlərin hazırlığının yetərli olmaması, dərs vəsaitlərinin çatışmazlığı və maliyyə problemləri kimi çətinliklərlə də üzləşir. Buna baxmayaraq, çoxdilli təhsil modeli dünyanın bir çox ölkəsində təhsilin keyfiyyətini artırmaq üçün əsas istiqamətlərdən biridir. Azərbaycanda da “Azərbaycan dili + rus/ingilis dili + üçüncü xarici dil” modelinin tətbiqi gənclərin qlobal rəqabət qabiliyyətini artırmaq potensialına malikdir.
 

GƏRGİNLİK ARTDI! Rusiyada ara qarışdı - Dağıstan vuruldu!
Son xəbərlərDaha çox