Ötən həftə təhsilverənlərin sertifikatlaşdırılması prosesinin 7-10 oktyabr tarixlərində təşkil olunan müsahibə mərhələsinin nəticələri açıqlanıb.
Müsahibə mərhələsində maksimum nəticə əldə edənlərdən biri də Quluzadə Amin Anar oğludur.
O, imtahanla bağlı təəssüratlarını AzEdu.az-a bölüşüb:
“1995-ci ildə Gəncə şəhərində anadan olmuşam. 2012–2016-cı illərdə Gəncə Dövlət Universitetinin Tarix-Coğrafiya fakültəsində təhsil almışam.
Sertifikasiyanın test mərhələsindən 57, müsahibə mərhələsindən isə 40 bal toplamışam. Bu nəticəni gözləyirdim. 9 ildir ki, müəllim kimi çalışıram. Hazırda Daşkəsən rayonu Astaf kənd tam orta məktəbində coğrafiya müəllimi kimi fəaliyyət göstərirəm.
Müsahibə mərhələsində sualların səviyyəsi normal idi və əsasən gündəlik dərslərdə istifadə etdiyimiz terminlərlə bağlı idi. 9 ildir ki, müəllim kimi çalışıram.
Coğrafiya fənnindən keçirilən sertifikasiya imtahanının test mərhələsindəki suallar normadan aşağı dərəcədə asan idi. Hətta abituriyentlərə qəbul imtahanlarında təqdim olunan suallar sertifikasiya suallarından daha çətindir.
Ümumilikdə, sertifikasiya imtahanları sayəsində müasir tələblərə cavab verməyən müəllimlər sistemdən kənarlaşdırılır. Lakin təklif edirəm ki, sertifikasiya imtahanlarının keçiriləcəyi tarixlər bir ay əvvəl elan olunsun. Çünki elə müəllimlər var ki, abituriyentlər kimi 1–2 il hazırlıqlara gedirlər".