Məktəb rəhbəri olduğum üçün yeni işə başlayan müəllimərin çətinlik çəkdiyinə çox şahid olmuşam. Bəs bunun səbəbi nədir? Vəziyyətdən çıxış yolu necə görünür?
Məsələ ondadır ki, bəzən yeni kadrların jurnal yazmaq məsələsi, sinfin idarə olunması və sair kimi məsələlərdə kifayət qədər sualları yaranır. Nəticə etibarilə yeni kadrlarla bağlı təzadlı fikirlərin meydana çıxmasının şahidi olmuşuq. Əlbəttə, onların nəzəri biliklərinə kimsə şübhə etmir, əsas mövzu peşəkarlıq səviyyəsidir.
Bəs vəziyyətdən daha yaxşı necə çıxaq?
Dünya təhsilində müəllimin sinifdə daha yaxşı işləməsi üçün ona köməkçilər təyin edilir. Bu köməkçilər üçün kifayət qədər maliyyə ayrılır. Amerika və Avropa təhsili haqda az-çox məlumatı olan şəxs kimi mövzunun artıq Azərbaycanda da aktual olacağını düşünürəm. Məsələnin ciddi maliyyə tərəflərinin olmasını düşünsək, daha maraqlı çıxış yolu orta məktəblərdə işləyən müəllimlərə 4-cü kursda oxuyan tələbələrdən köməkçi-assistentlərin təyin olunmasıdır . Hansısa məktəbdə heç də həmişə effektiv olmayan ənənəvi təcrübəni keçməkdənsə, yaşadığı və ya arzuladığı ərazidə təcrübəli, sertifikasiya imtahanlarında uğur qazanmış bir müəllimə bir neçə ay assistentlik etmək daha yaxşı nəticələrə səbəb olar. Nəticə etibarilə tələbə təcrübə keçdiyi məktəbdən möhürlü sertifikatvə ya arayış ala və bunu oxuduğu universitetə təqdim edə bilər. Əlbəttə, bu sertifikatların işə qəbul zamanı müsahibə mərhələsində və eyni statusda olan namizədlər arasından seçim edərkən təsiri nəzərə alına bilər.
Qeyd etdiyimiz məsələ dünyanın top universitetlərinə qəbul olmaqda məşhur tendensiyaya çevrilən könüllülük fəaliyyətinə bənzəyir. Assistentlərin tələbələrdən təyin olunması maliyyə və təhsilin inkişafı baxımından olduqca sərfəli olar. Müəyyən maliyyə imkanları ortaya çıxarsa, köməkçi assistentlərə həvəsləndirici minimum əməkhaqqı da vermək olar.
Bəs problem nə ola bilər?
Tələbənin təyinat aldığı məktəbin seçilməsinə xüsusi diqqət yetirilməlidir ki, məktəb tələbənin inkişafında maraqlı olsun. Dırnaqarası yanaşma ehtimalı da ola bilər ki, bunun qarşısını hansısa formada məktəblərin üzərinə məsuliyyət qoymaqla həll etmək olar.
Məktəblərin qazancı nə olacaq?
Bilirik ki, bir sıra orta məktəblərimizdə şagird sıxlığı yaşanmaqdadır ki, bu da bəzən haqlı narazılıqlara gətirib çıxarır. Proses həyata keçirilərsə, xüsusilə şəhər yerlərində 20-30 və daha çox şagirdin olduğu siniflərdə dərs keçən müəllimlərin fiziki imkanları artar, eləcə də təhsilin inkişafında müsbət dəyişikliklər meydana çıxar. 15 və daha çox şagird olan siniflərdə, ən əsası ibtidai siniflərdə köməkçilər təyin oluna bilər ki, burada da daha çox şagird sayı olan siniflərə nisbətdə diferensiallaşdırılmış əməkhaqqı tətbiq oluna bilər.
Əslində bu yanaşma ilə Azərbaycan təhsilində köməkçi müəllimlərin məktəblərə gətirilməsi məsələsi meydana çıxa bilər. 15-20 şagird sayı olan kənd məktəblərində köməkçilərə ehtiyac olduğunu hər gün hiss edirik. Belə olan halda bir sıra hallarda şagird sayının 30 nəfəri keçdiyi şəhər məktəblərində mövzunun nə qədər aktual olduğunu təsəvvür etmək çətin deyil.
Füzuli rayonu Qarabağ kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, direktor, "İlin gənc müəllimi" Əlihüseyn Yaqubov