Din təhsilinin müasir dünyada, xüsusilə də müxtəlif bölgələrdə və müxtəlif idarəetmə sistemlərində necə böyük əhəmiyyət daşıdığını qeyd etmək vacibdir.
AzEdu.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini Firudin Qurbanov "Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində" beynəlxalq simpoziumda çıxışı zamanı bildirib:
“Tarix boyu müxtəlif dövrlərdə bu məsələ fərqli cür dəyərləndirilib. XX əsrin əvvəllərində bəzi nəzəriyyəçilər hesab edirdilər ki, elmin inkişafı ilə din öz təsir gücünü itirəcək. Lakin həyat göstərdi ki, din insan cəmiyyətinin ayrılmaz bir parçasıdır və bu gün dünyada təxminən beş minə yaxın din və dini inanc mövcuddur.
Din haqqında düzgün təsəvvürlərin formalaşması üçün təhsil çox vacibdir. Orta və ali məktəblərin dərs proqramlarında dinlər barədə məlumatların verilməsi gənclərin bu mövzuda bilikli və tolerant yetişməsinə kömək edir. Gənclər dinlər haqqında məlumatlı olduqda, müxtəlif inanclara hörmətlə yanaşmağı öyrənirlər.
Bu da öz nəticəsini verir - Azərbaycan xalqı hər zaman müxtəlif dinlərə və inanclara ehtiramla yanaşmışdır. Məsələn, biz Bakının mərkəzində erməni kilsəsini qoruyub saxlamışıq. Halbuki Qərbi Azərbaycanda və Qarabağda bütün məscidlərimiz dağıdılıb.
Hazırda Qarabağda aparılan bərpa və quruculuq işlərinin mühüm istiqamətlərindən biri məhz məscidlərimizin bərpasıdır. Cənab Prezident və birinci vitse-prezident Şuşa azad olunduqdan dərhal sonra şəhərin məscidlərini ziyarət ediblər. Bu, həm rəmzi, həm də mənəvi baxımdan çox böyük əhəmiyyət daşıyır.
Dini dəyərlərin qorunması və inkişafı cəmiyyətin mənəvi möhkəmliyinin göstəricisidir. Hər bir insan çətin anlarında, sınaq qarşısında qalanda Allaha üz tutur. Bu da dinin insan həyatındakı əsas funksiyalarından biridir.
Bu gün ölkəmizdə dinə və dini təhsilə xüsusi diqqət yetirilir. Əlbəttə, həm fəlsəfi, həm də pedaqoji sistemdə bu sahə daim yenilənməli, müasir tələblərə uyğunlaşdırılmalıdır. Fənlərin tədris proqramlarının hazırlanması, dərsliklərin yenilənməsi, təhsil standartlarının müəyyənləşdirilməsi istiqamətində ardıcıl işlər görülməlidir.
Çünki bugünkü dünyada müşahidə olunan ksenofobiya və radikalizm halları çox vaxt mədəniyyətlərarası anlaşmazlıqlardan qaynaqlanır. Bu problemlərin qarşısını almağın ən təsirli yolu isə düzgün təhsil, mənəvi dəyərlərin və qarşılıqlı hörmətin təbliğidir”.