Azedu.az

“Yaşıl təhsil” mövzusunda ilk regional seminar öz işini yekunlaşdırıb

Elm və Təhsil Nazirliyi

22 Oktyabr 2025, 09:49
“Yaşıl təhsil” mövzusunda ilk regional seminar öz işini yekunlaşdırıb

Bakıda Elm və Təhsil Nazirliyi və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) birgə təşkilatçılığı ilə keçirilən “Yaşıl təhsil” mövzusunda ilk regional seminar öz işini yekunlaşdırıb.

AzEdu.az xəbər verir ki, seminarın ikinci günündə beynəlxalq ekspertlərin iştirakı ilə “Təhsil siyasətinin formalaşdırılması” mövzusunda interaktiv panel müzakirəsi təşkil edilib. Panel müzakirəsində qlobal təhsil siyasətinin formalaşdırılmasında atılan əsas addımlar, milli kontekstə uyğun və dayanıqlı təhsil sisteminin qurulması, həmçinin iqlim dəyişikliyi və “yaşıl təhsil” barədə aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

ICESCO-nun Təhsil Sektorunun rəhbəri Heddi Jatu Seyin moderatorluğu ilə keçirilən panel müzakirəsində Kembric Universitetinin Qlobal İqlim Təhsili üzrə direktoru Kristin Ozdene, Beynəlxalq Bakalavriat (IB) Təşkilatının Baş Təhsil Direktoru Dr. Şehzad Civa, 2024-cü ildə keçirilmiş ICESCO Təhsil Nazirlərinin 3-cü Konfransının İcraiyyə Komitəsinin sədri Əhməd Albanian, eləcə də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Corc Vaşinqton Universiteti ilə birgə ikili diplom proqramının Azərbaycan üzrə rəhbəri Tofiq Əhmədov iştirak ediblər. Ekspertlər ekoloji şüurun formalaşdırılması və “yaşıl təhsil”in təşviqi istiqamətində təşəbbüslərin sistemli və tərəfdaşlıq prinsipləri əsasında həyata keçirilməsinin vacibliyini vurğulayaraq həm milli, həm də beynəlxalq səviyyədə vahid yanaşmanın formalaşdırılmasının mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər. 

Kembric Universiteti və Beynəlxalq Bakalavriat (IB) Təşkilatının təlimçiləri tərəfindən aparılan iki günlük regional seminarın yekununda iştirakçı ölkələr tərəfindən “yaşıl təhsil”in inkişafı istiqamətində atılacaq növbəti addımlar müəyyənləşdirilərək bu istiqamətdə tövsiyələr hazırlanıb.  

Qeyd edək ki, Azərbaycan, Qazaxıstan, Tacikistan, Özbəkistan və Qırğız respublikalarının təmsil olunduğu seminarın əsas məqsədi iqlim dəyişikliyinə qarşı dayanıqlı gələcək naminə təhsil sistemlərinin transformasiyasını təşviq etmək, milli kurikulumlarda iqlim və davamlı inkişafla bağlı məzmunların sistemli şəkildə əhatəsini genişləndirmək, “yaşıl məktəb” modelinin tətbiqi istiqamətində müzakirə aparmaq olub.

GƏRGİNLİK ARTDI! Rusiyada ara qarışdı - Dağıstan vuruldu!
Son xəbərlərDaha çox