Azedu.az

DİN: Azyaşlı ilə evliliyə dair hər cür sövdələşmə qanunsuzdur

Xəbərlər

22 Oktyabr 2025, 10:32
DİN: Azyaşlı ilə evliliyə dair hər cür sövdələşmə qanunsuzdur

Son illərdə erkən nikahlarla mübarizə istiqamətində atılan addımlar öz müsbət nəticəsini verməyə başlayıb. Xüsusilə aidiyyəti qurumlar tərəfindən aparılan monitorinqlər, maarifləndirici tədbirlər və hüquqi müdaxilələr nəticəsində bir sıra erkən nikahların qarşısı alınıb.

AzEdu.az-ın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, yetkinlik yaşına çatmayan şəxslə nişanlanmaq və ya evliliyə dair digər sövdələşməyə daxil olmaq, həmin şəxslər barəsində dini kəbinkəsmə və ya erkən evlilikləri ilə bağlı mərasimlər keçirmək qanunla qadağandır:

"Polis tərəfindən uşaq hüquqlarının qorunması və müdafiəsi, uşaqlara qarşı və ya onların iştirakı ilə baş verən hüquqpozmaların qarşısının alınması istiqamətində aidiyyəti dövlət qurumları ilə birgə mütəmadi olaraq kompleks tədbirlər və monitorinqlər həyata keçirilir. Erkən nikah halları aşkarlandıqda polis əməkdaşları tərəfindən qanuna uyğun olaraq yetkinlik yaşına çatmayan şəxs barəsində onun və ya evliliyə daxil olmaq niyyətində olan digər şəxsin valideynləri və ya onları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər yaxud evliliyə daxil olmaq niyyətində olan yetkinlik yaşına çatmış şəxs, eyni zamanda, mərasimin təşkil olunduğu ictimai iaşə obyektlərinin rəhbərliyi, dini kəbini kəsən axundlar inzibati məsuliyyətə cəlb edilirlər.

Əgər yetkinlik yaşına çatmayan şəxs 16 yaşından aşağı yaş həddindədirsə, bu, cinayət hesab edilir. Belə hallarda isə nikah yaşına çatmayan şəxsi erkən evliliyə daxil olmağa məcbur edənlər cinayət məsuliyyətinə cəlb olunurlar.

Bir daha bildiririk ki, qanuna əsasən nikah yaşı qadınlar və kişilər üçün 18-dir. Azyaşlı övladlarını erkən nikaha sövq etmək niyyətində olan valideynlər belə qanunsuz əməllərdən çəkinməli, övladlarının təhsilinə, gələcəyinə və sağlam inkişafına məsuliyyətlə yanaşmalıdırlar",- deyə DİN-in Mətbuat Xidmətinin əməkdaşı qeyd edib.

Mehdiyev üsyan bayrağı qaldırdı - Çöldəki agentləri hərəkətə keçdi
Son xəbərlərDaha çox