Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin 16-19 sentyabr tarixlərində təşkil olunan müsahibə mərhələsinin nəticələri açıqlanıb.
AzEdu.az müsahibə mərhələsindən maksimum - 40 bal toplayan “Örnək müəllim” Turanə Abbasova ilə əlaqə saxlayaraq onun təəssüratlarını öyrənib.
O, qeyd edib ki, sinifdə dərs deməyin bal ilə bir əlaqəsi yoxdur, bu, sırf pedaqoji bacarıqla bağlıdır:
“2008-2012-ci illərdə Gəncə Dövlət Universitetinin Coğrafiya fakültəsini bitirmişəm.13 ildir müəllim kimi fəaliyyət göstərirəm. Hazırda Tovuz rayon E. Məmmədov adına tam orta məktəbdə coğrafiya müəllimi kimi çalışıram. Eyni zamanda Tovuz STEAM Mərkəzində mütəxəssis-təlimçi vəzifəsini icra edirəm.
Sertifikasiyanın test mərhələsindən 46 bal toplamışdım. Bu, əsasən imtahana yaxşı hazırlaşmamağımla bağlı idi. Amma daha yüksək nəticə göstərə bilərdim, çünki özümə inamım və potensialım var idi. Əslində, sertifikasiyada suallar heç də çətin deyildi. Onlar gündəlik dərslərdə tədris etdiyimiz mövzularla bağlı idi. Açığını deyim, bəzi boşluqlarım var idi və bu boşluqları məhz sertifikasiya prosesi zamanı gördüm. Hazırda həmin istiqamətdə üzərimdə işləyirəm.
Bu baxımdan sertifikasiyanın çox faydalı olduğunu düşünürəm. Qərəzli bir proses deyil, müəllimləri “kəsmək” məqsədi daşımır. Müsahibə mərhələsində isə özümü tam pedaqoq kimi hiss etdim. Verilən psixoloji və kurikulum sualları məni tam qane etdi.
Müsahibə mərhələsinə demək olar ki, hazırlaşmamışdım. Hətta müsahibənin keçiriləcəyi tarixi də yoldaşlardan eşitdim. Artıq gec olduğu üçün hazırlaşmağa vaxtım yox idi. Amma müsahibə zamanı suallara cavab verdikdən sonra 40 bal alacağımı gözləyirdim. Çünki cavablarımın düzgün olduğuna əmin idim.
Ümumilikdə, sertifikasiya prosesi çox şəffaf təşkil olunmuşdu. Kənarda dolaşan əsassız söz-söhbətlər məni narahat edir. Məncə, bu proses müəllimlər üçün çox vacib addımdır. Çünki biz artıq boşluqlarımızı görürük və onların üzərində işləyirik.
Fikrimcə, sinifdə dərs deməyin bal ilə birbaşa əlaqəsi yoxdur. Bu, sırf pedaqoji bacarıq və yanaşma ilə bağlı məsələdir".