Müəllimlərin rotasiyası məsələsi son dövrlər təhsil mühitində zaman-zaman gündəmə gətirilir, lakin bu təklifin praktik və pedaqoji nəticələri diqqətlə nəzərdən keçirilməlidir.
Bu sözləri AzEdu.az-a Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli söyləyib.
O, qeyd edib ki, müəllim fəaliyyəti “idarəçi postu” deyil ki, mexaniki dəyişikliklə səmərəlilik artsın:
"Mən hesab edirəm ki, müəllimlərin planlı şəkildə rotasiyası yəni onların ixtisasına və fəaliyyətinə baxmadan fərqli məktəblərə mütəmadi köçürülməsi hazırkı şəraitdə nə pedaqoji, nə sosial, nə də psixoloji baxımdan məqsədəuyğundur.
Birincisi, müəllim fəaliyyəti “idarəçi postu” deyil ki, mexaniki dəyişikliklə səmərəlilik artsın. Müəllim uşağın inkişafında davamlı təsir göstərən bir fiqurdur. O, yalnız bilik ötürmür, həm də uşağın xarakterinin formalaşmasında mühüm rol oynayır. İbtidai sinifdən yuxarı siniflərə qədər bu prosesin kökündə emosional bağ, etimad və sabitlik dayanır. Müəllim hər il və ya bir neçə ildən bir fərqli mühitə göndəriləcəksə, bu bağ pozular, uşağın adaptasiyası çətinləşər, tədrisin davamlılığı zədələnər".
Biz bu gün müəllimlərdə “peşəkar sabitlik” anlayışını möhkəmləndirməliyik, “köçəri pedaqogika” yaratmamalıyıq:
"İkincisi, rotasiya təcrübəsi bəzi ölkələrdə qısamüddətli layihə xarakterli olub və nəticələri çox da uğurlu olmayıb. Çünki pedaqoji mühitin formalaşması illər tələb edir. Müəllim təkcə fənn üzrə deyil, həm də sosial mühitə uyğun metodologiya formalaşdırır, valideynlərlə əlaqə sistemi qurur, məktəbin mədəniyyətinə inteqrasiya edir. Bu balansın hər dəfə pozulması müəllimin iş motivasiyasını azaldar, iş mühitində gərginlik yaradar.
Üçüncüsü, biz bu gün müəllimlərdə “peşəkar sabitlik” anlayışını möhkəmləndirməliyik, “köçəri pedaqogika” yaratmamalıyıq. Onsuz da müəllimlər üzərinə kifayət qədər inzibati və psixoloji yük düşür — imtahan, sertifikasiya, hesabat, valideyn təzyiqi, sosial media təftişi və s. İndi bir də yer dəyişmələri sistemli hala gətirmək bu yükü ikiqat artıracaq. Bu, müəllimdə emosional tükənmə (burnout) riskini yüksəldəcək, nəticədə həm keyfiyyət, həm də mənəvi bağlılıq zəifləyəcək".
Təhsil sistemi dəyişiklik tələb edir, amma bu dəyişikliklər insan amilini zədələmədən, pedaqoji ruhu sarsıtmadan həyata keçirilməlidir:
"Dördüncüsü, rotasiya əgər obyektiv sistemə əsaslanmasa, yenə də insani və subyektiv amillərin təsiri altına düşəcək. Kimin hara göndəriləcəyi, hansı əsasla seçiləcəyi, hansı müddət üçün olacaq – bütün bunlar şəffaf və ədalətli mexanizmlə tənzimlənməsə, proses etimad böhranına gətirib çıxaracaq. Təəssüf ki, bu tip mexanizmlərin çoxunda real praktikada obyektivlik qoruna bilmir.
Mənim fikrimcə, müəllimlərin rotasiyası yox, mövcud məktəblərdə ixtisasdaxili inkişaf, təcrübə mübadiləsi və dəstək sistemləri gücləndirilməlidir. Müəllimlərin müxtəlif regionlarda fəaliyyət göstərməsini istəyiriksə, bunu könüllü və stimullaşdırılmış şəkildə – yəni layihə əsaslı müvəqqəti təyinatlar, ezamiyyət və ya təşəkkür mexanizmləri ilə həyata keçirmək daha doğrudur.
Təhsil sistemi dəyişiklik tələb edir, amma bu dəyişikliklər insan amilini zədələmədən, pedaqoji ruhu sarsıtmadan həyata keçirilməlidir. Müəllim sabit mühitdə, psixoloji rahatlıq içində işləməlidir ki, öyrətdiyi uşağın da psixoloji sabitliyi qorunsun. Bizim məqsədimiz məktəbləri dəyişmək yox, müəllimə elə mühit yaratmaqdır ki, o, öz məktəbində də inkişaf edə bilsin".