Keçdiyimiz gün sertifikasiya prosesinin 13-17 oktyabr tarixlərində təşkil olunan müsahibə mərhələsinin nəticələri elan edilib.
Müsahibədən 40 bal toplayan müəllimlərdən biri də Yusifov Arzu Ələddin oğludur.
Bu münasibətlə AzEdu.az Arzu müəllimlə əlaqə saxlayaraq onun təəssüratlarını öyrənib.
O, hazırda Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyində biologiya müəllimi kimi fəaliyyət göstərir:
“2006-2010-cu illərdə Gəncə Dövlət Universitetinin Biologiya-Kimya fakültəsini bitirmişəm. Hazırda Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyində biologiya müəllimi kimi çalışıram. Artıq 15 ildir pedaqoji fəaliyyətlə məşğulam.
Sertifikasiyanın test mərhələsində 54 bal, müsahibədən isə 40 bal toplamışam. Ümumilikdə, həm test, həm də müsahibə mərhələsində sualların səviyyəsi asan idi. Müsahibədən 40 bal toplayacağımı gözləmirdim, daha çox 35-37 bal olacağını düşünürdüm.
Sertifikasiya imtahanlarının təşkili müəllimlərin öz üzərində işləməsinə şərait yaratdı. Artıq müəllimlər daha çox çalışır, öyrənirlər. Sertifikasiya prosesi mənə də yeni biliklər qazandırdı. Ümumilikdə, biologiya fənnindən sertifikasiya sualları asan idi".