Müstəqil status Şəki filialında elmi-tədqiqat və pedaqoji innovasiyaların inkişafına təkan verəcək:
Keçdiyimiz gün Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının müstəqil universitet olacağı ilə bağlı xəbərlər yayıldı.
Maraqlıdır ki, hazırda Şəki filial kimi fəaliyyət göstərən Pedaqoji Universitetinin müstəqil olması təhsilimizə hansı üstünlüklər qazandıracaq?
AzEdu.az-a mövzu ilə bağlı Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı danışıb.
O, qeyd edib ki, müstəqil Şəki Dövlət Universitetinin yaradılması gənclərin yerli təhsilə marağını artıracaq, ixtisaslı kadr hazırlığını təmin edəcək:
"Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının müstəqil ali təhsil müəssisəsinə çevrilməsi təşəbbüsü regionların elmi-tədris və intellektual potensialının artırılması baxımından son dərəcə mühüm addımdır. Bu, təhsil sistemimizin struktur baxımından təkmilləşdirilməsinə, eyni zamanda bölgələrin sosial-iqtisadi inkişafına da ciddi təkan verəcək".
Müstəqil status Şəki filialında elmi-tədqiqat və pedaqoji innovasiyaların inkişafına təkan verəcək:
"Müstəqil universitet statusu Şəki filialına elmi-tədqiqat imkanlarının genişləndirilməsi imkanı yarada, regionda müəllim hazırlığı, pedaqoji innovasiyalar və müasir tədris metodologiyalarının tətbiqi sahəsində qabaqcıl mərkəzə çevrilə bilər. Bununla yanaşı, Şəki Dövlət Universitetinin yaradılması gənclərin yerli təhsil müəssisələrinə marağını artıracaq, regionda yüksək ixtisaslı mütəxəssislərin formalaşmasına şərait yaradacaq.
Möhtərəm, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən regional inkişaf strategiyası təhsilin keyfiyyətinin bütün ölkə üzrə bərabər səviyyədə təmin edilməsini prioritet istiqamət kimi müəyyənləşdirib. Bu kontekstdə Şəki filialının müstəqil universitet kimi formalaşması regionların dayanıqlı inkişafı siyasətinin təhsil komponentinə mühüm töhfə olacaq".