Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının müstəqil universitet olması yolunda işlər görürük.
Bunu Modern.az-a müsahibəsində 114 saylı Şəki şəhər seçki dairəsinin deputatı Vüqar İskəndərov bildirib.
O, qeyd edib ki, bina, texniki baza, professor-müəllim heyəti baxımından da filial Şəki Dövlət Universiteti kimi fəaliyyət göstərməyə hazırdır.
AzEdu.az Təhsil Portalı olaraq mövzu ilə bağlı Azərbaycan Dövlət Pedaqoji Universitetinə (ADPU) sorğu ünvanladıq.
Sorğumuza cavab olaraq bildirilib ki, hazırda bu məsələ universitetin gündəmində deyil və bu cür qərarların qəbul edilməsi yalnız dövlət səviyyəsində, müvafiq icra strukturlarının səlahiyyətinə aiddir:
Əlavə olaraq qeyd olunub ki, universitet və onun filialları ölkənin müxtəlif bölgələrində pedaqoji kadrların hazırlanması istiqamətində dövlətin təhsil siyasəti və strategiyası ilə uzlaşan fəaliyyət həyata keçirir. ADPU-nun Şəki filialı bu baxımdan bölgədə təhsilin inkişafı, müəllim hazırlığının keyfiyyətinin artırılması və müasir pedaqoji yanaşmaların tətbiqi istiqamətində uğurlu fəaliyyəti ilə fərqlənən filiallarımızdandır.
Şəki filialı 35 ildir ki, bölgədə pedaqoji kadrların hazırlanması sahəsində uğurla fəaliyyət göstərir. Filialın müasir infrastrukturu, peşəkar pedaqoji heyəti və tədrisin keyfiyyəti bugünkü təhsil standartlarına tam cavab verir. Filialın elmi və təşkilati potensialı onun gələcəkdə daha geniş səlahiyyətlərə malik, müstəqil ali təhsil müəssisəsi kimi fəaliyyət göstərə bilməsi üçün kifayət qədər əsas yaradır və Pedaqoji Universitet filialın gələcəkdə müstəqil dövlət universitetinə çevrilməsi istiqamətində səylərini davam etdirir.
Bununla belə, qeyd edilməlidir ki, bu məsələ hal-hazırda universitetin gündəmində deyil və bu cür qərarların qəbul edilməsi yalnız dövlət səviyyəsində, müvafiq icra strukturlarının səlahiyyətinə aiddir. Əgər gələcəkdə dövlət tərəfindən bu istiqamətdə qərar qəbul edilərsə, Azərbaycan Dövlət Pedaqoji Universiteti bu təşəbbüsü tam dəstəkləyəcək, lazımi metodiki və təşkilati dəstəyi göstərəcək, həmçinin üzərinə düşən bütün vəzifələri məsuliyyətlə yerinə yetirməyə tam hazır olacaqdır".