Uşaqların davranış formalaşmasında ailə mühüm rol oynayır. Onlar ilk sosial nümunələri valideynlərindən və ətraf mühitdən öyrənirlər. Bu səbəbdən, uşağın gündəlik davranışında, danışığında və münasibətlərində valideynlərin təsiri birbaşa özünü göstərir. Bəzən valideynlərin fərqinə varmadan söylədiyi sadə yalanlar belə, uşaqların düşüncə tərzinə və gələcəkdəki davranış modelinə təsir edə bilir. Məhz bu baxımdan, kiçik yaşlı uşaqlarda yalan danışma meyli psixoloqlar tərəfindən ciddi şəkildə araşdırılan mövzulardan biridir.
Psixoloq Aytən Ələkbərova AzEdu.az-a açıqlama verib.
"Kiçik yaşlı uşaqlarda bəzən yalan danışma halları müşahidə olunur. Əslində, bu, çox vaxt onların valideynlərdən gördüyü davranışların nəticəsi olur. Məsələn, əgər valideynlər uşaq yanında xırda yalanlar söyləyirlərsə – məsələn, ana mağazaya getdiyi halda ataya “nənəgilə getmişik” deyirsə – uşaq da bu davranışı təbii qəbul edir və yalan danışma onun üçün adi hala çevrilir.
Digər tərəfdən, bəzi hallarda uşaqlarda psixonevroloji pozuntular müşahidə oluna bilər ki, bu da onların xəyali “ssenarilər” qurmasına gətirib çıxarır. Belə uşaqlar elə bir ssenari qurur və elə inandırıcı danışırlar ki, hətta böyüklər belə onlara inanmağa başlayır.
Burada əsas məsələ valideynlərin öz davranışları ilə düzgün nümunə göstərməsidir. Valideynlər uşaqların yanında yalan danışmamalı və onlara doğru danışmağın vacibliyini izah etməlidirlər. Əgər uşaqda artıq ssenariləşmiş yalanlar müşahidə olunursa, bu, psixonevroloji pozuntuların göstəricisi ola bilər və mütləq şəkildə mütəxəssis müdaxiləsi tələb edir.
Əks halda, yalan danışmaq vərdişi uşağın davranışında dərinləşərək gələcəkdə mənfi nəticələrə gətirib çıxara bilər. Bu, borclanma, aldatma və hətta cinayət xarakterli hərəkətlərə qədər gedib çata bilər. Bəzi hallarda isə bu hallar uşaqlarda ağır psixoloji vəziyyətlərə, o cümlədən intihar meyllərinə səbəb ola bilər.
Ona görə də valideynlər uşaqların bu davranışlarına biganə qalmamalı, onlarla açıq və anlayışlı şəkildə söhbətlər aparmalıdırlar. Yalanın nəticələri barədə uşaqlara izah verilməli, doğru davranışın vacibliyi erkən yaşlardan öyrədilməlidir".