Böyük Britaniyanın ali təhsil tənzimləyicisi olan Office for Students (OfS) ölkədə keyfiyyətsiz hesab olunan universitet proqramlarına qarşı sərt tədbirlər tətbiq edəcəyini açıqlayıb.
AzEdu.az-ın xarici mənbədən aldığı məlumata əsasən, məhsuldarlıq səviyyəsi aşağı olan kurslar üzrə tələbə qəbulu məhdudlaşdırılacaq. Bundan əlavə, həmin proqramların təhsil haqları da azaldıla və ya tamamilə ləğv edilə bilər.
Qərarın əsas hədəfi universitetlərin yalnız diplom verməklə kifayətlənməsinin qarşısını almaq və tələbələrin real bacarıq qazanmasına təminat yaratmaqdır. Təhlillər göstərir ki, bəzi proqramlar tələbələrə nə iş tapmaq, nə də peşəkar bacarıqlar əldə etmək imkanı verir.
OfS bildirir ki, tələbənin kurs daxilindəki inkişafı yəni, giriş və çıxış səviyyələri arasındakı fərq əsas qiymətləndirmə meyarı olacaq.
Britaniya Təhsil Nazirliyi bu qərarı “təhsildə islahat və nəticəyönümlü yanaşmanın tərkib hissəsi” adlandırıb.
Ekspertlər isə bu addımı birmənalı qarşılamayıb. Bəzi mütəxəssislər bu tədbirləri ali təhsil müəssisələrinin azadlığına müdaxilə kimi dəyərləndirsə də, digərləri tələbələrin hüquqlarının qorunması baxımından önəmli hesab edir.
Araşdırmalara görə, Böyük Britaniyada hər il minlərlə tələbə iş tapmaqda çətinlik çəkən, zəif struktura malik kurslara qeydiyyatdan keçir və nəticədə həm vaxt, həm də maliyyə baxımından ciddi itkilərlə üzləşir.