Dünyanın aparıcı texnologiya şirkətləri Microsoft, OpenAI və Anthropic müəllimlərə süni intellekt (SI) texnologiyalarını siniflərdə tətbiq etməyi öyrətmək məqsədilə genişmiqyaslı təlim proqramlarına start verib. Şirkətlər bu məqsədlə milyonlarla dollar vəsait ayıraraq məktəblərdə rəqəmsal bacarıqları artırmağa yönəlmiş təşəbbüslər həyata keçirir.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, təlim proqramlarında əsas diqqət ChatGPT, Google Gemini və Microsoft Copilot kimi SI alətlərinin dərsliklərə necə inteqrasiya olunmasına yönəlib. Müəllimlərə bu texnologiyaların düzgün, etik və məxfi məlumatlara hörmətlə yanaşmaqla istifadəsi barədə məlumat verilir.
Məqsəd süni intellektin tədrisdə məhsuldarlığı artırmaq, fərdi öyrənməyə şərait yaratmaq və müəllimlərin iş yükünü azaltmaq potensialını real təcrübələrlə nümayiş etdirməkdir. Təlimlər eyni zamanda müəllimlərin bu texnologiyaların potensial risklərini tanıması və şagirdləri doğru istiqamətləndirməsi üçün nəzərdə tutulub.
OpenAI tərəfindən verilən məlumata görə, proqramlar 2025-ci ilin sonunadək ABŞ və Kanadadakı minlərlə müəllimi əhatə edəcək. Növbəti mərhələdə bu təşəbbüsün Avropa və Asiya ölkələrinə də yayılması gözlənilir.