İlin soyuq aylarında uşaqlarda qrip və soyuqdəymə xəstəliklərinin riski xeyli artır. Lakin uşaqları bu xəstəliklərdən tam sığortalamaq mümkün deyil və bəzi hallarda uşaqlar bu xəstəlikləri keçirərək öz immun sistemlərini "məşq etdirirlər". Nəticədə növbəti dəfə eyni virus və ya infeksiya ilə qarşılaşanda onların immun sistemi ona asanlıqla qalib gəlir.
Bu barədə AzEdu.az-a pediatr Günay Rəsulova danışıb. O bildirib ki, uşaqları havaya uyğun geyindirmək lazımdır və onları lazım olduğundan artıq isti geyindirmək səhvdir, çünki tərləyən uşaq daha tez xəstələnə bilər.
Rəsulova qeyd edib ki, hər şeydə olduğu kimi burada da hədd mövcuddur: uşaq həddən artıq tez-tez və ağır xəstələndikdə, bu onun immun sisteminə mənfi təsir göstərir. Valideynlər isə bütün profilaktik tədbirləri görməlidirlər ki, uşaq mümkün qədər gec xəstələnsin, xəstəlik yüngül keçsin və ağırlaşmalar olmasın.
"Profilaktik tədbirlər sırasında uşağın düzgün və balanslı qidalanması vacibdir. Hər gün onun pəhrizində mövsümi təzə meyvə və tərəvəz, süd məhsulları, yarmalar, ət (balıq, mal əti, toyuq əti) və bitki yağları olmalıdır. Balıq xüsusilə vurğulanmalıdır, çünki bu məhsul immuniteti gücləndirir. Bundan əlavə, tərkibində C vitamini olan məhsullar, məsələn limon, qarağat mürəbbəsi, itburnu dəmləməsi və s. uşağın pəhrizində daim olmalıdır, çünki bu vitamin orqanizmin xəstəliklərə qarşı davamlılığını artırır. Xəstəliyin ilk simptomlarında həkimlə məsləhətləşdikdən sonra uşağa yaşına uyğun dozada C vitamini preparatı verilə bilər.
Uşaq kifayət qədər yatmalı və dincəlməlidir; məktəblilər üçün bu müddət gündə ən az 10 saatdır. Həmçinin, uşaq hər gün 1-1,5 saat açıq havada olmalıdır.
Evin gigiyenasına diqqət yetirmək də vacibdir: hər gün evin bütün səthləri nəm əsgi ilə, dezinfeksiya vasitələri əlavə edilərək silinməlidir. Bu, həm virus və infeksiyaları məhv edir, həm də evin havasını nəmləndirir. Kondisioner və istilik sistemləri havanı qurudur və nəticədə selikli qişalar müdafiə funksiyasını itirir. Selikli qişalar daim nəm olmalıdır ki, viruslar və mikroblar orqanizmə daxil ola bilməsin. Evin havası gün ərzində bir neçə dəfə dəyişdirilməlidir, çünki virus və mikrobların çoxu quru havanı sevmir.
Uşağı lazım olduğundan artıq isti geyindirməyin, tərlədikdə xəstələnmə riski artır. Həkimlə məsləhətləşdikdən sonra profilaktik vitamin-mineral kompleksləri verilməsi də faydalıdır. Həmçinin, müəyyən məhsullar immuniteti stimullaşdırır: bal (3 yaşdan sonra), propolis, soğan və sarımsaq (3 yaşdan sonra), itburnu, moruq və s. Xalq təbabətində immuniteti gücləndirmək üçün kəkotu, moruq və qarağat yarpaqları, badrənc (limonotu), nanə, adaçayı, itburnu, zəncəfil və digər bitki dəmləmələri istifadə olunur.
Ən sadə gigiyenik vərdişlər də uşağı infeksiyalardan qoruyur. Məktəbdən və çöldən qayıtdıqda, qida qəbulundan əvvəl uşaq mütləq əllərini yumaq, üzünə toxunmamaq vərdişini formalaşdırmalıdır. Uşağın həyatında sakit, rahat və mehriban şəraitin təmin olunması, sevildiyini və qayğı göstərildiyini hiss etməsi də immun sistemə müsbət təsir göstərir.
Ağız və burun infeksiyaların "giriş qapısı" olduğu üçün uşağın çöldən evə qayıtdıqdan sonra boğazını yaxalaması və burnunu su ilə yuması tövsiyə olunur; bunun üçün duzlu su və ya bitki dəmləmələrindən (çobanyastığı, adaçayı və s.) istifadə edilə bilər. Bu qayda selikli qişalara düşən virus və infeksiyalarla mübarizəyə kömək edir.
Qış aylarında, xüsusilə epidemiyalar zamanı, insanların çox olduğu yerlərə (dükan, teatr, kino və s.) getmək və ictimai nəqliyyatdan istifadəni minimuma endirmək tövsiyə olunur".