Azedu.az

"Məktəblərdə psixoloqların sertifikasiyası mütləqdir"

Xəbərlər

17 Oktyabr 2025, 17:51
"Məktəblərdə psixoloqların sertifikasiyası mütləqdir"

Psixoloqlar mütləq şəkildə sertifikasiya prosesi keçirilməlidir.

Bu sözləri AzEdu.az-a təhsil eksperti Məzahir Məmmədli söyləyib. 

O qeyd edib ki, şagirdlərin kriminallığa və zorakılığa meyil artıb:

"Ümumtəhsil müəssisələrində sosial-psixoloji xidmətlərin lazımi səviyyədə olmamasının bir səbəbi odur ki, bizim məktəblərdə psixoloqlarla bağlı hələ də müəyyən bir ənənə formalaşmayıb. Psixoloqların ayrıca kabinetləri yoxdur, onlara məxsus xüsusi təlim alətləri yoxdur. Bu səbəbdən də lazım olan vaxtda işlərini səmərəli şəkildə yerinə yetirə bilmirlər.

İndi  Elm və Təhsil Nazirliyinin təlimatlarına əsasən, hər min şagirdə bir psixoloq düşür. Lakin son 4-5 ilə qədər məktəblərdə çalışan psixoloqlar, ümumiyyətlə, öz hüquqlarını bilməyiblər. Onların əksəriyyəti isə psixologiya ixtisası üzrə təhsil almamış şəxslər olublar. Xüsusilə rayonlarda və ucqar kəndlərdə bu vəzifəni daha çox direktorun köməkçisi rolunu oynayan şəxslər icra ediblər  tədbir təşkil edir, tapşırıqları yerinə yetirirlər.  Psixoloqun özünə məxsus kabineti olmalıdır ki, narahat, psixoloji dəstəyə ehtiyacı olan şagirdlərlə rahat şəkildə fərdi iş aparsın. Onlarla xüsusi təlimlər keçsin. Lakin bu imkanlar nə kabinet, nə də lazımi alətlər  mövcud deyil".

Mən deməzdim ki, baş verən bütün bu hadisələr təkcə məktəblərdə psixoloji xidmətlərin düzgün qurulmaması ilə bağlıdır:

"Son vaxtlar bu sahəyə diqqət artıb, təəssüf ki, bəzi neqativ hadisələrdən sonra. Mən deməzdim ki, baş verən bütün bu hadisələr təkcə məktəblərdə psixoloji xidmətlərin düzgün qurulmaması ilə bağlıdır. Eyni zamanda cəmiyyətdə kriminallığa və zorakılığa meyil artıb, xüsusilə şagirdlər arasında. Cəmiyyətdə ümumi aqressiya artıb. Bu, sosial vəziyyətlə də əlaqədar ola bilər. Amma əsas məsələ budur ki, bu tip neqativ hadisələr, bıçaqlanma və davalar əsasən akademik göstəriciləri zəif, davamiyyəti aşağı olan, nümunəvi hesab edilməyən şagirdlər arasında baş verir.

Qaldı ki, məktəblərdə psixoloji xidmətlərin necə təşkil olunmasına  hesab edirəm ki, artıq bu sahə üzrə son illərdə kifayət qədər məzun var. Bu məzunlar pedaqoji ixtisaslı universitetlərdə təhsil alıblar. Xüsusilə Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunlarını nümunə göstərmək olar".

Neqativ hallara görə yalnız psixoloqları günahlandırmaq ədalətli olmaz:

"Yaxşı olardı ki, müəllimlərin işə qəbulu sistemində psixoloqlar da kütləvi şəkildə nəzərə alınsın. Onların da imtahan nəticələri, bacarıqları qiymətləndirilsin. Buradan istifadə edərək qeyd etmək istəyirəm ki, psixoloqlarla bağlı mütləq şəkildə sertifikasiya prosesi keçirilməlidir. Bu zaman həm motivasiya yaranacaq, həm də seçim prosesi daha sağlam aparılacaq.

Saxta diplomla işləyənlər və ya peşə üzrə hazırlığı olmayan şəxslər sistemdən kənarda qalacaq. Eyni zamanda, sertifikasiyadan keçmək üçün məcbur olub peşəsini daha dərindən öyrənəcək. Buna görə də baş verən bütün neqativ hallara görə yalnız psixoloqları günahlandırmaq ədalətli olmaz. Amma eyni zamanda, onların bu cür halların qarşısını almaq üçün geniş imkanları olmalıdır. Onlar üçün xüsusi şərait yaradılmalıdır ki, problemli şagirdlərlə əvvəlcədən işləyib, profilaktik tədbirlər görə bilsinlər".

QIZĞIN DEBAT! Ramiz Mehdiyevlə Əli Həsənov DİNDİRİLMƏYƏ ÇAĞIRILDI
Son xəbərlərDaha çox