Azedu.az

Bakalavr təhsili 3, magistratura 1 ilə ENDİRİLSİN

Xəbərlər

17 Oktyabr 2025, 09:06
Bakalavr təhsili 3, magistratura 1 ilə ENDİRİLSİN

Universiteti bitirən məzunlar, xüsusilə müəllimlik ixtisasını bitirənlər, müəllimliyə işə qəbul imtahanı, yəni MİQ imtahanını verməkdə çətinlik çəkirlər. Onlar mütləq şəkildə müəyyən bir müddət adaptasiya olunmalı və təcrübə keçməlidirlər.

Bu fikirləri AzEdu.az-a elm və təhsil eksperti Səbuhi Abdullayev bildirib.

Onun sözlərinə görə, universitetlər tələbələri könüllü təcrübə və praktiki hazırlıq istiqamətində yönləndirməlidirlər:

“Uzun müddətdir ki, müxtəlif platformalarda bu məsələyə toxunuram və gündəmdə saxlayıram. Universiteti bitirən məzunlar, xüsusilə müəllimlik ixtisasını bitirənlər, müəllimliyə işə qəbul imtahanını, yəni MİQ imtahanını verməkdə çətinlik çəkirlər. Onlar mütləq şəkildə müəyyən bir müddət adaptasiya olunmalı, təcrübə keçməlidirlər.

Eyni hal hüquq ixtisasını və dövlət qulluğu istiqamətində təhsil alan məzunlara da aiddir. Onlar da birbaşa dövlət qulluğu imtahanına girib nəticə əldə edə bilmirlər. Həmin məzunlar üçün də əvvəlcədən müəyyən hazırlıq və uyğunlaşma dövrü zəruridir. Həmçinin, mühasibatlıq ixtisasını bitirən məzunlar da heç bir şəkildə gedib birbaşa beynəlxalq sertifikatlar ala bilmirlər”.

Ekspert hesab edir ki, universitetlərin tədris müddətinin qısaldılması - bakalavr səviyyəsinin 3 ilə, magistr səviyyəsinin isə 1 ilə endirilməsi həm vacib, həm də ehtiyac duyulan addımdır:

“Universitetlər mütləq şəkildə tələbələri könüllü təcrübə və praktiki hazırlıq istiqamətində yönləndirməli, eyni zamanda onları müvafiq sahə üzrə imtahanlara hazırlıq prosesinə birbaşa şəkildə cəlb etməlidirlər. Hətta ən nüfuzlu universitetlərdə belə, məzunların əmək bazarına çıxışında çətinlik yaşandığı müşahidə olunur. Çünki bu istiqamətdə yetərli və real tədbirlər görülmür.

Digər bir səbəb də ondan ibarətdir ki, məsələn, Bakı Dövlət Universitetində dərs qrafiki 5 gündən 4 günə endirilib. Bu, olduqca yanlış bir addımdır. Əslində, tədris 4 il yox, 3 ilə kifayət edə bilər. Yəni 5 günlük dərs sistemi saxlanılsa və bir tədris ili təcrübəyə ayrılsa, tələbələr 3 il təhsil alar, 1 il isə sahə üzrə real təcrübə qazanaraq universiteti daha hazırlıqlı şəkildə bitirərlər. Beləliklə, 4-cü il artıq onlar əmək bazarına tam hazır olmuş olarlar.

Düşünürəm ki, gələcəkdə bakalavr səviyyəsini 3 ilə, magistr səviyyəsini isə 1 ilə endirmək çox vacib və zəruri addımdır. Qalan müddətdə tələbələr təcrübə proqramlarına qoşulmalı, sahə üzrə həm öyrənməli, həm də işləməlidirlər. Bu, onların diplom aldıqları anda hazır kadr kimi əmək bazarına daxil olmalarını təmin edəcək və universitetlərin cəmiyyətə real faydasını göstərəcək”.

QIZĞIN DEBAT! Ramiz Mehdiyevlə Əli Həsənov DİNDİRİLMƏYƏ ÇAĞIRILDI
Son xəbərlərDaha çox