Lənkəran Dövlət Universitetində 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və suverenlik ili elan edilməsi ilə əlaqədar “Qarabağ zəfəri ilə güclənən Azərbaycan” mövzusunda keçirilən konfransda iştirakçılar ilk öncə ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda qurban gedən şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
AzEdu.az xəbər verir ki, konfransı giriş sözü ilə LDU-nun rektoru, prof. Natiq İbrahimov açaraq iştirakçıları salamlayıb. Tədbirin əhəmiyyətini vurğulayaraq bildirib ki, Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil edib. Bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynamış, ölkəmizin 30 ildə qazandığı uğurlara vəsilə olmuşdur. Konstitusiyamızın qəbul edilməsinin 30-cu ildönümündə bu ali qanunun bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasını Ali Baş Komandan İlham Əliyevin müdrik daxili və xarici siyasətinin nəticəsi adlandırıb.
Qafqaz Tarixi Mərkəzinin direktoru, siyasi analitik Rizvan Hüseynov “Müstəqillik və Suverenliyə aparan yol” mövzusunda geniş məruzə edib. Məruzədə qeyd edilib ki, konstitusiyanın preambulasında Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması başlıca niyyətlərdən biri kimi bəyan edilmişdir. Lakin Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin 30 ilə yaxın işğal altında qalması Azərbaycan Respublikasının suveren hüquqlarının həmin ərazilərdə tətbiqinə imkan verməmişdir. Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpa edilməsi Azərbaycan xalqının milli ideyasının əsas məqsədlərindən birinə çevrilmiş, cəmiyyətimizin bütün resursları bu taleyüklü vəzifənin həllinə yönəldilmişdir. 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli 294 nömrəli Sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilib. Natiq bu istiqamətdə ilin əvvəlindən ölkədə maarifləndirici tədbirlərin keçirildiyini deyib və LDU-da keçirilən konfransı onların məntiqi davamı adlandırıb, həmçinin tələbələrin çoxsaylı suallarını cavablandırıb, universitet rəhbərliyinə kitablar hədiyyə edib.
Məruzə ətrafında LDU-nun dosentləri Kamal Mahmudov “Qarabağ zəfəri Azərbaycanın tarixi qələbəsidir”, Emin Məlikov “Qarabağa böyük qayıdış”, Lənkəran Rayon Məhkəməsinin hakimləri Anar Pənahov “Azərbaycan Respublikası Konstitusiyasının dövlətçiliyimizin inkişafında rolu”, Murad Aslanov “Qarabağ münaqişəsi və Azərbaycanın dövlət suverenliyinin hüquqi aspektləri” mövzusunda çıxış ediblər.