Əgər biz ibtidai və aşağı siniflərdə ev tapşırıqlarını tamamilə ləğv etsək, bu, 8-ci sinifə qədər şagirdlərdə müəyyən vərdişlərin formalaşmamasına səbəb olacaq. Nəticədə, şagird 10-11-ci sinifə keçəndə və ya repetitor yanına gedəndə, ev tapşırıqlarına qarşı laqeyd yanaşacaq. Bu isə onun qəbul imkanlarını məhdudlaşdıracaq.
Bu fikirləri AzEdu.az-a təhsil eksperti Ramin Nurəliyev bildirib.
O qeyd edib ki, əgər qəbul imtahanlarındakı suallar daha sadə və əlçatan olsa, bu zaman nə müəllimlər ev tapşırıqlarını çox yükləməli olar, nə də şagirdlər yüklənər:
“Kurikulum sistemində ev tapşırıqlarının evə verilməsi çox da tövsiyə olunan hal deyil. Kurikulum tədris sisteminə uyğun olaraq, ev tapşırıqları əsasən məktəbdə, sinifdə həll olunmalıdır. Evə isə yalnız uşağın inkişafını genişləndirə biləcək, düşüncə qabiliyyətini artıracaq, həyat fəaliyyəti, cəmiyyətlə bağlı və ya məntiqi təfəkkürə əsaslanan tapşırıqlar verilir.
Lakin dərs mövzusuna aid tapşırıqların evdə yerinə yetirilməsi kurikulum sisteminə ziddir. Dünyanın bir çox inkişaf etmiş ölkələrində də bu yanaşma tətbiq olunur. Bu, sadəcə bizdə və ya müəyyən bölgələrdə tətbiq olunan üsul deyil. Məsələn, Skandinaviya ölkələrinə baxsaq, orada da ev tapşırıqlarına çox yük verilmədən, əsasən sinif daxilində yerinə yetirilir. Şagirdlər dərsdə öyrəndiklərini sinifdə tətbiq edirlər".
Ekspertin sözlərinə görə, Azərbaycanda ali təhsil müəssisələrinə qəbul imtahanlarında olduqca çətin və ağırlaşdırılmış suallar təqdim olunur:
“Bu isə həm müəllimləri, həm də şagirdləri məcbur edir ki, ev tapşırıqlarını həm say, həm də çətinlik baxımından çoxaltsınlar. Bu səbəbdən ölkəmizdə ciddi problemlər yaranır. İnkişaf etmiş ölkələrə nəzər salsaq, görərik ki, orada ali təhsil müəssisəsinə qəbul olmaq asandır, lakin bitirmək çətindir. Bizdə isə tam əksi müşahidə olunur: qəbul olmaq çətindir, bitirmək isə asan.
Bu səbəbdən orta ümumtəhsil məktəblərində ev tapşırıqlarının evə verilməsi birbaşa qəbul imtahanlarının çətinliyi ilə əlaqəlidir. Əgər qəbul imtahanlarındakı suallar daha sadə və əlçatan olsa, bu zaman müəllimlər ev tapşırıqlarını çox yükləməzlər, şagirdlər də yüklənməz.
Məsələn, bizdə 210-220 balla dövlət sifarişli ixtisaslara qəbul mümkündür. Bu, 700 balın üçdə biri belə deyil. Yəni 700 balın üçdə birindən də az bal toplayan abituriyent dövlət sifarişi ilə təhsil ala bilir.
Burada qeyd etmək istərdim ki, dövlət sifarişli yerlərin sayının artırılması çox gözəl təşəbbüsdür və bu, ayrıca bir müzakirə mövzusudur. Lakin qəbul suallarının çətin olması abituriyentlərin balını aşağı salır, nəticədə aşağı ballarla belə dövlət sifarişli ixtisaslara qəbul olmaq mümkündür".
Ekspert əlavə edib ki, ali təhsil müəssisələrinə 200 balla qəbul olmaq mümkündür:
“Bu, ümumi qəbul sisteminin üçdə birindən də az nəticədir. Bunu Dövlət İmtahan Mərkəzi əlbəttə ki, tənzimləyə bilər. Sualların çətinliyini azaltsa, məsələn, 200 balla qəbul olan abituriyent eyni səviyyədə hazırlaşaraq 350-400 bala qədər nəticə göstərə bilər. Nəticədə həmin ixtisasların keyfiyyət göstəricilərində də dəyişiklik olmaz.
Əsas məsələ budur ki, sualların çətinliyi azaldıldıqda plan yerləri də uyğun şəkildə formalaşar və həm 200, həm 350, hətta 400 balla qəbul olunanlar eyni ixtisas üzrə təhsil ala bilərlər. Bu zaman ev tapşırıqlarının evdə yerinə yetirilməsi də zəruri olmaz".
Ramin Nurəliyev hesab edir ki, sualların çətinliyi qarşısında müəllimlər məcbur qalır ev tapşırıqlarını həm say, həm də çətinlik baxımından çoxaltsın:
“Avropa ölkələrində və digər inkişaf etmiş ölkələrdə ev tapşırıqlarına o qədər də ehtiyac duyulmur. Əgər bu sistem bizdə tətbiq olunarsa, yəni ev tapşırıqları əsasən sinifdə yerinə yetirilərsə, bu zaman bizim abituriyentlər üçün vəziyyət çətin olar. Çünki sualların çətinliyi qarşısında müəllimlər məcbur qalır ev tapşırıqlarını həm say, həm də çətinlik baxımından çoxaltsın.
Hətta Dövlət İmtahan Mərkəzi hər il yeni test bankları təqdim edir. Bu test banklarının həcmini görmək kifayətdir. Qəbul prosesində müəyyən çətin mövzulara həddindən artıq üstünlük verilməməlidir. Çətin sualların sayı minimuma endirilməlidir.
Biz ali təhsil müəssisələrində keçirilən dərslərə və praktiki biliklərə daha çox önəm verməliyik. Hazırda ali təhsil müəssisələrində praktik biliklər, təəssüf ki, çox zəifdir. Əgər biz ibtidai və aşağı siniflərdə ev tapşırıqlarını tamamilə ləğv etsək, bu, 8-ci sinifə qədər şagirdlərdə müəyyən vərdişlərin formalaşmamasına səbəb olacaq. Nəticədə, şagird 10-11-ci sinifə keçəndə və ya repetitor yanına gedəndə, ev tapşırıqlarına qarşı laqeyd yanaşacaq və bu, onun qəbul imkanlarını məhdudlaşdıracaq".
Ekspertin sözlərinə görə, belə bir sistemin tətbiqi üçün ilk növbədə qəbul prosesini yüngülləşdirmək lazımdır:
“Biz demirik ki, suallar tamamilə asanlaşdırılsın. Lakin müəyyən qədər sadələşdirilsə, bu, həm müəllim, həm də şagird üçün faydalı olar. Təbii ki, 600-700 bal toplayanlar da var. Bu, istedad məsələsidir. Amma ümumi statistikaya baxanda, neçə faiz abituriyent 50 faizdən yüksək nəticə göstərir? Neçə faizi müsabiqədən kəsilir?
Hər il neçə abituriyent məcburiyyət qarşısında qalaraq xaricdə təhsil almağa gedir? Bu statistik göstəricilər onu deməyə əsas verir ki, bizdəki qəbul imtahanlarının çətinliyi müəllimləri məcbur edir ev tapşırıqlarını evdə həll olunacaq şəkildə və çətin formada versinlər.
Sinif testlərinin özündə belə ev tapşırıqları olur. Sinif testləri şagirdin evdə mövzunu möhkəmləndirməsi üçün verilir. Əslində, şagirdin yüklənməsi düzgün deyil. Mən düşünürəm ki, ibtidai siniflərdə şagirdlər daha çox məntiqi suallara yönləndirilməli, mental-arifmetik dərslərə üstünlük verilməlidir. Bu, azyaşlı şagirdlərin düşüncə qabiliyyətini, məntiqi təfəkkürünü və beyin inkişafını artırır".
Ekspert sonda əlavə edib ki, hazırkı vəziyyətdə həddindən artıq tapşırıq yükü şagirdlərin fiziki və psixoloji vəziyyətinə də təsir edir:
“Eyni zamanda nəzərə almaq lazımdır ki, bizdə orta məktəblərdə çoxsaylı fənlər keçirilir. Bununla yanaşı, şagirdlər ali təhsil müəssisələrinə, hərbi akademiyalara, Dövlət Sərhəd Xidmətinə hazırlaşırlar. Bu da əlavə tapşırıqlarla yanaşı gəlir.
Ən böyük problemlərdən biri də odur ki, orta məktəb şagirdləri çantalarını daşıya bilmirlər. Çantalar o qədər ağırdır ki, valideynlər məcbur olub uşaqlarının çantasını özləri daşıyırlar.
7-ci sinif şagirdi öz çantasını daşıya bilmirsə, bu artıq ciddi problemdir. Çünki əlavə materiallar, testlər və tapşırıqlar yüklənir. Bir şagirdi həddindən artıq yükləmək olmaz. Əgər aşağı siniflərdə ciddi şəkildə yüklənərsə, yuxarı siniflərdə həmin şagird dərsdən soyuyacaq, həvəsini itirəcək və istənilən nəticəni göstərə bilməyəcək".