Azedu.az

Dövlətə xəyanətdə ittiham olunan Ramiz Mehdiyevin təhsil keçmişi...

Xəbərlər

15 Oktyabr 2025, 14:57
Dövlətə xəyanətdə ittiham olunan Ramiz Mehdiyevin təhsil keçmişi...

Xəbər verdiyimiz kimi AMEA-nın həqiqi üzvü olan Ramiz Mehdiyev 14 oktyabrda Cinayət məcəlləsinin dövlətə xəyanət və başqa maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib və barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.

AzEdu.az Ramiz Mehdiyevin təhsilini araşdırıb. 

O, 1938-ci il aprelin 17-də Bakı şəhərində anadan olub. 1957-ci ildə Bakı Dənizçilik Məktəbini bitirmişdir. Buradakı təhsilini başa vurduqdan sonra 1961-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuşdur. 1968-ci ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin aspiranturasına daxil olub. 1972-ci ilin mayında Moskva Dövlət Universitetinin Müdafiə Şurasının iclasında fəlsəfə elmləri namizədi alimlik dərəcəsini almaq üçün dissertasiyasını müdafiə edib.

1957-ci ildə Bakı Dənizçilik Məktəbini bitirdikdən sonra "Xəzərdənizneftqazsənaye" Ümumittifaq İstehsalat Birliyinin "Xəzərneftdonanma" İdarəsində işləyib. 1965-ci ildə V kurs tələbəsi ikən Azərbaycan LKGİ MK-nın tələbə gənclər şöbəsində təlimatçı vəzifəsinə təyin edilib, 1967–68-ci illərdə Azərbaycan LKGİ Naxçıvan Vilayət Komsomol Komitəsinin ikinci katibi vəzifəsində çalışıb.

1972-ci ildən Azərbaycan Dövlət Universitetinin Elmi kommunizm kafedrasında əvvəl müəllim, sonra isə baş müəllim vəzifəsində çalışıb.

23 oktyabr 2019-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilib. AMEA-ya rəhbərliyi dövründə akademiyanın bir sıra üzvləri və heyəti tərəfindən bir sıra tənqidlərlə üzləşib.

14 fevral 2022-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında istefa verəcəyini və istefa ərizəsini Azərbaycan Prezidentinə təqdim edəcəyini açıqlamışdır. 19 fevral 2022-ci ildə AMEA ümumi yığıncağında Mehdiyevin istefası qəbul edilmiş, prezident səlahiyyətlərini icra etmək birinci-vitse prezident Arif Həşimova tapşırılmışdır.

Elmi fəaliyyəti :

"V. İ. Lenin millətçiliyin və opportunizmin qarşılıqlı əlaqəsi haqqında" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Doktorluq dissertasiyasının mövzusu isə "Millətlərarası münasibətlər: nəzəriyyə və siyasət problemləri" olmuşdur. Həm namizədlik, həm də doktorluq mövzuları sosial fəlsəfə sahəsinə aiddir.

Müxtəlif vəzifələrdə işlədiyi müddətdə elmi fəaliyyətini də davam etdirən Ramiz Mehdiyev 1993-cü ildə fəlsəfə elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib. 2001-ci ildə Nyu-York Elmlər Akademiyasının üzvü seçilən Ramiz Mehdiyev 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib. 23 oktyabr 2019-cu ildə - Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti təyin olunmuşdur.

Ramiz Mehdiyev həmçinin, Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyası tərəfindən nəşr edilən "Fəlsəfə, Sosial və Siyasi Elmlər" jurnalının redaksiya heyətinin sədridir.

Elmi dərəcəsi fəlsəfə elmləri doktoru, elmi rütbəsi professor olan Ramiz Mehdiyev postsovet Azərbaycanının inkişafına fokuslanan 250-dən çox elmi məqalənin müəllifidir. Onun məqalələrinin əsas mövzusu sosial fenomen, iqtisadi inkişaf, fəlsəfə və dialektikadır. O, həmçinin 26 kitabın müəllifidir. Kitablarından 7-i müxtəlif xarici dillərə tərcümə olunmuşdur. 7 kitab, 81 məqaləsi həmçinin, xaricdə nəşr edilmişdir. Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrinin sayı isə 39-dur.

 

Mehdiyevin Əli Kərimliylə gizli əlaqəsi - Putinin məkirli planı
Son xəbərlərDaha çox