Elşad Səfərli yaradıcılığı barədə yeni monoqrafiya
Əgər ilhamımda varsa boy yerim,
Gərək zirvə boyu onda boy verim.
Sözün zirvəsidir son bərabərim-
Qalxa bilərəmmi son bərabəri?
Bu səmimi misralar şair Elşad Səfərliyə məxsusdur. XX əsrin 80-ci illərində poeziyaya gələn, çox az müddətdə bu aləmdə tanınan, sevilən şair Elşad Səfərlinin çoxşaxəli poeziyası çox araşdırmalara mövzu olub, bu günə kimi şairin yaradıcılığı haqqında çox kitablar, məqalələr yazılıb. Bu günlərdə həmin kitabların sırasına daha biri əlavə olunub- “Elşad Səfərli poeziyasının tədqiq və təhlil konteksti” monoqrafiyası nəşr edilib. Filologiya elmləri doktoru, prof. Kamran Kazımovun Lənkəran Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının dosenti, gözəl şair, pedaqoq, ədəbiyyatşünas alim Elşad Səfərlinin yaradıcılığına, konkret desək, poeziyasının təhlil və tədqiqinə həsr etdiyi monoqrafiyanın ilk səhifəsində yazdığı sözləri həyəcansız oxumaq mümkün deyil: “Kitabı İkinci Qarabağ müharibəsində qələbəmizin 5-ci ildönümünə və başda oğlum baş leytenant Vüsal Kazımov olmaqla bütün şəhidlərimizə ithaf edirəm.
Xatırladaq ki, monoqrafiyanın müəllifi, LDU-nun prpfessoru Kamran Kazımov Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olan, ölümündən sonra ölkə başçısı president İlham Əliyev tərəfindən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə və bir sıra döyüş medallarına layiq görülən baş leytenant Vüsal Kazımovun atasıdır. “Mükəmməl kontekstin analoji tədqiq-təhlili”. Bakı Slavyan Universitetinin kafedra müdiri, filologiya elmləri doktoru, professor Rafiq Novruzov monoqrafiyaya yazdığı ön sözdə Kamran Kazımovu Azərbaycan ədəbiyyatşünaslıq elminin istedadlı nümayəndəsi kimi təqdim edir: “O, ədəbi-tənqidi prosesdə özünəməxsus üslubu, prinsipial tənqidi mövqeyi, qərəzsiz polemik yazı tərzi, geniş erudisiyası, elmi-nəzəri hazırlığı, dünyagörüşü,soyuqqanlı mühakimə qabiliyyəti,dərinə nüfuz etməyə qadir müşahidə səriştəsi ilə fərqlənən, ədəbi mühitlə əhatəli təmas qurmağı bacaran ədəbiyyatşünasdır. Heç bir mübaliğəyə uymadan deyə bilərik ki, monoqrafiya böyük bir professionallıqla,əsl mütəxəssis,ədəbiyyatşünas peşəkarlığı ilə yazılmışdır. Buradakı səriştə, şeirlərin alt məzmun qatlarının izahına yönləndirilmiş cümlələrdəki gizlin məna laylarına təmas tapan dərin məntiqi bağlılıq, fikrin-mühakimənin, mülahizələrin, faktların təmkinlə, səbrlə incələnməsi, mübahisəli məqamlarda təfəkkür soyuqqanlılığının nümayişi, etik-etiket normaların tələblər səviyyəsində gözlənilməsi, iddiaların sübutunda alimə yanaşan təvazökarlıq və s. xüsusiyyətlər onun tədqiqatçı portretinin mühüm məziyyətləridir”. Prof. Rafiq Novruzov Kamran Kazımovun elmi-bədii-publisistik dildə yazılmış, faktlarla zəngin, kifayət qədər istinada, elmi mənbəyə, şair Elşad Səfərlinin 30 illk yaradıcılığının bəhrəsi olan bədii irsinə söykənən yeni monoqrafiyasını ədəbiyyatşünaslıq elmində sanballı tədqiqat işi hesab edir: “Kamran Kazımovun “Elşad Səfərli poeziyasının tədqiq və təhlil konteksti” monoqrafiyası, düşünürük, ki, oxucu, şeir-sənət istəklilərinin, filoloq mütəxəssislərin, ümumən ədəbi prosesin maraq və diqqətini çəkməyə bilməz. Bu monoqrafiya həm öz müəllifinə, həm də tədqiq predmeti olan Elşad Səfərliyə əminik ki, yüksək şərəf və şöhrət qazandıracaqdır”.
Qeyd edək ki, “Elşad Səfərli poeziyasının tədqiq və təhlil konteksti” monoqrafiyası Giriş, 3 fəsil və Nəticə hissəsindən ibarətdir. Monoqrafiyada Elşad Səfərli poeziyasının mövzu- janr dairəsi, deya-məzmun istiqamətləri, forma-struktur xüsusiyyətləri, lirikasının polifenik tematika və üslub özünəməxsusluğu, sənət axtarışları, həmçinin əsərlərinin obrazlı düşüncə, ifadə tərzi, dil-akustika, bədii təsvir və ifadə vasitələri tədqiq-təhlil müstəvisində araşdırılmaya cəlb edilmişdir.
Tədqiqat işində Elşad Səfərlinin poeziyasının mövzu dairəsi araşdırılarkən onun İkinci Qarabağ müharibəsinə həsr etdiyi ədəbi nümunələri təhlilə cəlb olunmuş, şairin şəhid baş leytenant Vüsal Kazımova ithaf etdiyi “Bir anın yuxusu” poeması son dövr Azərbaycan poeziyasında qəhrəmanlıq, Qarabağ mövzusunda yazılmış maraqlı sənət nümunəsi kimi dəyərləndirilmişdir. Şairin Azərbaycan xalqının azadlığı, torpaqlarının bütövlüyü, mənəvi birliyi uğrunda qurban gedənlərin xatirəsinə ithaf etdiyi “Mavi məsafə” poeması da müsair poeziyamızın uğurlu qəhrəmanlıq nəğmələrindən biri kimi təqdim edilib.
I fəsildə “Elşad Səfərli yaradıcılığı ümumi baxış kontekstində” adlanır və təhlil bu istiqamətdə aparılır. I fəslin 1-ci yarımparaqrafı “E. Səfərli poeziyasının problem, mövzu, janr müxtəlifliyi”, 2-ci yarımparaqrafı “E. Səfərli görüşlərində təbiətə münasibət tendesiyası”, 3-cü “E. Səfərlinin uşaq lirikasında “Kiçiyin böyük sözü” təhlil süzgəcindən keçirilərək araşdırılmışdır. I fəsildə tədqiqatçı alim oxucunu Elşad Səfərli poeziyasının mövzu dairəsi və bu mövzuları işləyərkən şairin müraciət etdiyi janrlarla tanış edir. Şair Elşad Səfərli bəşəriyyəti narahat edən, dünyamızı gözəlləşdirən bütün mövzulardan yazıb. Gözəlliklərindən, ilahi hisslərindən böyük şövqlə, ilhamla, problemlərindən böyük ağrı, yanğı ilə:
Tutulub günəşin nur yağışına,
Budaq oxşayırdı üzük qaşına,
Bulud zirvələrdən çöküb başına-
Meşə anam kimi “ağbirçək” idi…
Söz mülkünün sultanı, böyük söz ustadı Seyid Məhəmmədhüseyn Şəhriyar şeiri, sənəti b şairliyi Allah vergisi hesab edirdi:
Şair ola bilməzsən, anan doğmasa şair,
Missən, a balam, hər sarıköynək qızıl olmaz.
Şair Elşad Səfərlinin cızma-qara şeirləri ilə ədəbiyyatımızı zibilləyən, özünü şeir dahisi hesab edənlərə cavabı M.Şəhriyarın fikri ilə üst-üstə düşür:
Zirvə elə təkcə ucalıq deyil,
Kimsə şeir yazır-heç onluq deyil.
Adaş var şöhrəti misralıq deyil,
Amma ki, dartınır gün bərabəri…
Monoqrafiyada Kamran Kazımov şair Elşad Səfərlini modern üslubda yazan şair kimi təqdim edəndə onun üçlüklərindən söz açır. Azərbaycan poeziyasında az müraciət edilən bu şeir şəkli şair Elşad üçün doğmadır:
Göyərçin-
Bir bəzəkdir
Göylərçin..
Sual yarandı:
Əlimin duzu yoxkən,
Sözümün duzu hardandı?
Tədqiqatçı Kamran Kazımov Elşad Səfərlinin poetik yaradıcılığının mühüm bir qolunu təşkil edən xokkulardan da yazır. Bildirir ki,yapon şeirinin janrlarından olan xokkularda Elşad az sözlə böyük fikir ifadə etmək bacarığını ortaya qoymağı bacarır:
Meşəni
Baltanın səsi qədər
Qorxudan başqa şey yox..
Qədrin yoxsa,
Bu yaşanılası yox,
Öləsi bir dərddir!
Açılıbdır gül bükümü,
Yaşımdasa
Yarpaq tökümü
Kasıbın yuxuları
Nikbin
Və novellavarı bitir…
Elşad Səfərli üçlük, xokku, heca, sərbəst vəznli şeirləri ilə yanaşı sonet janrında da gözəl poeziya nümunələri yaratmışdır və monoqrafiyada şairin yaradıcılığındakı bu amilə böyük diqqət yetirilir.
Qeyd edək ki,monoqrafiyanın II fəslinin 2-ci yarımparaqrafı bütünlüklə Elşad Səfərli yaradıcılığında sonet yanrının təhlil və tədqiqinə həsr edilmişdir. I fəslin 3-cü yarımparaqrafı Elşad Səfərlini oxucuya həm də uşaqlar üçün yazan istedadlı şair kimi tanıdır. “E. Səfərlinin uşaq lirikasında “Kiçiyin böyük sözü” adlı bölümdə şairin uşaqlara ünvanladığı yüzlərlə şeirinin bir qismi təhlilə cəlb edilmiş, məzmun, ideya, bədii xüsusiyyətləri araşdırılmışdır:
Cənubda bir ağac var
Adı da-dəmirağac.
Özü də Lənkəranda
Yalnız bitir bu ağac
Qoç igidlər döyüşdə,
Dəmirtək vuruşurlar.
Öləndə bu torpağa,
Dəmirtək qarışırlar.
II fəsildə “Elşad Səfərli poeziyasının məhəbbət mövzusu və Avropa şeir ənənələri” konkret nümunələr əsasında təhlilə cəlb edilir. Bu fəsil 2 yarımparaqrafdan ibarətdir. 1-ci yarımparaqraf “Bitməmiş mövzu”, yaxud E. Səfərlinin məhəbbət görüşləri, 2-cisi isə yuxarıda qeyd etdiyimiz kimi “E. Səfərli yaradıcılığında sonet janrı” adlanır. İlk yarımparaqrafda Elşad Səfərlinin müxtəlif illərdə məhəbbət mövzusunda qələmə aldığı poema və şeirlərindən söz açılır.
Qeyd edilir ki, bu mövzu şairin yaradıcılığından qırmızı xətt kimi keçir, ən çox müraciət etdiyi, ömrün bütün yaşlarında yazdığı mövzudur.Bəs Elşad üçün sevgi nədir?
Sevgi-bir yastığı bölüşənlərin
Ürək odlarını paylaşmasıdı.
İki qəlbin kibrit çöpləri kimi
Dəyib bir-birinə alışmasıdı.
“Bitməmiş mövzu” bölməsindəki şeirlərin təhlili lirik şair haqqında bitkin təsəvvür yarada bilir:
Neçə minilliyi bitirən dünya,
Bir Məcnun eşqini bitirə bilmir.
Məkkə qapısına apardığını,
Tövbə qapısına gətirə bilmir
Elşad Səfərlinin sevgi şeirlərinin əksəriyyətinə həzin bir həsrət, ağrı yüklənib Elə bir ağrı ki, “bənövşə sevgi”lər o ağırlığa tab gətirmir, üzülür:
Tikan kölgəsində bitmişdi sanki
Üstünə görmədim gün düşə, sevgim.
Macalın olmadı heç qızınmağa,
Nədən vaxtsız soldun, bənövşə sevgim…
II fəslin 2-ci bölümündə “E. Səfərli yaradıcılığında sonet janrı” araşdırılır, şairin 2017-ci ildə işıq üzü görən “Lənkəran sonetləri” kitabında toplanmış sonetləri təhlilə cəlb edilir, fərqli xüsusiyyətləri sənətkarlıq baxımından tədqiq edilir.
III fəsil monoqrafiyanın ən maraqlı bölümlərindəndir desək, yanılmarıq. Bu fəsil “Elşad Səfərli yaradıcılığının Qarabağ problemi və sənət axtarışları”na həsr olunmuşdur və 2 yarımparaqrafdan ibarətdir. 1-ci yarımparaqrafda “E.Səfərli poeziyasında Qarabağ problemi- mənəvi birlik və Vətənin bütövlüyü ideyalarının inikası”, 2-cidə “E. Səfərli poeziyasının sənətkarlıq xüsusiyyətləri”ndən danışılır, təhlil və tədqiqə bu rakursdan baxılır, təhlil konkret ədəbi nümunələrə istinadən aparılır.
Qeyd edək ki, monoqrafiyaya Lənkəran Dövlət Universitetinin Elmi şurasının qərarı ilə nəşr hüququ verilmişdir. Kitabın redaktoru və ön sözün müəllifi prof. Rafiq Novruzov, rəyçilər prof. Vaqif Yusifli və prof. Abid Tahirlidir.
Esmira İsmayılova
Filologiya üzrə fəlsəfə doktoru