Ötən gün təhsilverənlərin sertifikatlaşdırılması prosesinin 7-10 oktyabr tarixlərində keçirilən müsahibə mərhələsinin nəticələri açıqlanıb.
Müsahibə mərhələsində yüksək nəticə göstərən müəllimlərdən biri Füzuli rayon Qarabağ kənd tam orta məktəbinin informatika müəllimi Birliyant Aslanovadır.
Bu münasibətlə AzEdu.az Birliyant müəllimlə əlaqə saxlayaraq onun təəssüratlarını öyrənib.
Müsahibə mərhələsindən maksimum 40 bal toplayan Birliyant müəllim bildirib ki, sertifikasiya müəllimlər üçün sanki bir “bəhanə” oldu ki, biz də oxuyaq, araşdıraq:
“1992-ci ildə Ağdam rayonunda anadan olmuşam. 2009-cu ildə Ağdam rayon 2 saylı tam orta məktəbini bitirmişəm. 2010-2013-cü illərdə Ağcabədi Pedaqoji Kollecində informatika müəllimliyi ixtisası üzrə təhsil almışam. 2015-ci ildə ilk fəaliyyətim Füzuli rayonu Üçbulaq kənd tam orta məktəbində başlayıb. 2017-ci ildən Füzuli rayon Qarabağ kənd tam orta məktəbində informatika müəllimi kimi çalışıram. Keçən il subbakalavr qismində müraciət edərək Ağcabədi Pedaqoji Universitetinin informatika-riyaziyyat müəllimliyi ixtisasına qəbul olmuşam. Ancaq iş rejimimlə bağlı həmin təhsilimi davam etdirə bilməmişəm.
Sertifikasiyanın test mərhələsindən 55 bal toplamışam. Müsahibə mərhələsi çox yaxşı keçdi. Fikrimcə, hər bir müəllim daim öz üzərində çalışmalıdır. Mənim belə bir şüarım var: “Əsl müəllim bildikləri ilə öyünən deyil, bilmədiklərini araşdırıb öyrənəndir". Müəllim hər zaman araşdırmalı və özünü inkişaf etdirməlidir. Xüsusilə də informatika sahəsində yeniliklər işıq sürəti ilə dəyişir. Bu dəyişikliklərdən xəbərdar olmaq üçün mütəmadi axtarışda olmaq vacibdir.
Artıq 10 ilə yaxındır ki, pedaqoji təcrübəm var. Sertifikasiyanın hər iki mərhələsinə ciddi hazırlaşmışdım ki, ən yaxşı nəticəni əldə edim. Müsahibə mərhələsindən 40 bal toplamışam. Düzü, bu nəticəni gözləyirdim. Müsahibə zamanı verilən suallara inamla və əhatəli cavab verdiyimə görə əmin idim ki, tam bal toplayacam. Verilən suallar hər bir müəllimin bilməli olduğu əsas məsələlər idi.
Test mərhələsindəki suallara nəzər yetirdikdə gördüm ki, kifayət qədər sadə idi. Elə suallar vardı ki, hətta 5–6-cı sinif şagirdləri belə onlara cavab verə bilərdi. Mən düşünmürəm ki, bu imtahan müəllimləri “kəsmək” məqsədi daşıyır. Elm və Təhsil Nazirliyinin məqsədi biliyi və məntiqi ilə seçilən müəllimləri önə çıxarmaqdır. Test sualları arasında cəmi 5–6 sual məntiqə əsaslanırdı, digərləri isə şagirdlərin belə öhdəsindən gələ biləcəyi tipdə idi. Bir sözlə, 30 balı keçmək heç də çətin deyildi.
Ümumilikdə, sertifikasiya imtahanını çox müsbət təşəbbüs kimi qiymətləndirirəm və bu cür layihələrin davamlı olmasını arzulayıram. Mən gənc bir müəllim olaraq üzərimdə çox çalışdım. Hər dəfə öz-özümə deyirəm: ‘İndiyə qədər bu dərsi necə keçmişəm ki, bu nüansı gözdən qaçırmışam?’ Sertifikasiya mənə çox şey öyrətdi.
Əvvəllər sinif rəhbərinin gündəliyini yazarkən kurikulumdakı bəzi mövzular mənə yad gəlirdi. Lakin onları oxuyub dərinliyinə vardıqca başa düşürsən ki, bilmədiklərin də az deyil. Oxumaq və öyrənmək çox gözəl bir hissdir. Sertifikasiya müəllimlər üçün sanki bir “bəhanə” oldu ki, biz də oxuyaq, araşdıraq. Sertifikasiyadan əvvəl müəllimlər bu qədər oxumurdu. Sadəcə orta məktəb kitablarını vərəqləyib dərs keçilirdi".
Qeyd edək ki, Birliyant Aslanova 2023-cü ildə məktəbdə təşkil olunan açıq dərslərdə fəallığına görə Qarabağ Regional Təhsil İdarəsi tərəfindən Fəxri Fərman və sertifikatlarla təltif olunub. O, həmçinin 7-ci qrant müsabiqəsində “Məcburi köçkün məktəblərində kibertəhlükəsizlik düşərgəsi” adlı qrant layihəsinin rəhbəri olub.