“Hazırda tətbiq etdiyimiz “Rəqəmsal məktəb” platformasında yaxın gələcəkdə şagird və müəllimlərə dəstək məqsədilə iki süni intellekt agenti istifadəyə veriləcək”. Bu fikirləri keçdiyimiz gübTəhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov səsləndirib.
Bu yenilik təhsilimizə nə qazandıracaq?
Mövzu ilə bağlı AzEdu.az-a Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli danışıb.
O, qeyd edib ki, süni intellekt agentləri müəllim üçün həm planlaşdırıcı, həm analitik köməkçi funksiyasını yerinə yetirə bilər:
"Bu yanaşma əslində təhsilin gələcək mərhələsini müəyyənləşdirən çox ciddi addımdır. “Rəqəmsal məktəb” platformasına süni intellekt agentlərinin inteqrasiyası, əgər düzgün planlaşdırılmış şəkildə tətbiq edilərsə, tədris prosesində həm müəllim, həm də şagird üçün real zamanlı dəstək mexanizminə çevrilə bilər. Əvvəllər müəllimin yükünü azaltmaq və şagirdin fərdi inkişafına nəzarət etmək üçün yalnız insan resurslarına güvənirdiksə, indi bu sistem vasitəsilə hər bir şagirdin öyrənmə dinamikası, maraq dairəsi və fərdi çatışmazlıqları daha obyektiv şəkildə təhlil olunacaq. Bu isə fərdiləşdirilmiş tədris modelinə keçid baxımından mühüm mərhələdir.
Süni intellekt agentləri müəllim üçün həm planlaşdırıcı, həm analitik köməkçi funksiyasını yerinə yetirə bilər. Məsələn, bir fənn üzrə sinifdəki ümumi bilik səviyyəsini avtomatik təhlil edib, müəllimə hansı mövzuların zəif mənimsənildiyini göstərə bilər. Hətta dərs planlarının tərtibatında, qiymətləndirmə meyarlarının formalaşmasında, şagirdin irəliləyişini izləməkdə bu texnologiya ciddi üstünlüklər yaradacaq. Digər tərəfdən, şagird üçün bu agentlər fərdi “rəqəmsal müəllim” rolunu oynayaraq, istənilən vaxt suallarına cavab verə, mövzunu fərqli üsullarla izah edə və tədris materiallarını onun öyrənmə stilinə uyğunlaşdıraraq təqdim edə bilər".
Süni intellekt müəllimin işini asanlaşdırmalı, ona daha yaradıcı və emosional tərəflərə fokuslanmaq imkanı verməlidir:
"Ancaq burada vacib bir məqam var: bu cür texnologiyalar yalnız texnoloji baxımdan deyil, pedaqoji baxımdan da düzgün tənzimlənməlidir. Süni intellekt heç vaxt müəllimi əvəz etməməlidir, əksinə müəllimin işini asanlaşdırmalı, ona daha yaradıcı və emosional tərəflərə fokuslanmaq imkanı verməlidir. Əgər bu balans qorunarsa, “Rəqəmsal məktəb” platforması sadəcə bir tədris sistemi yox, həm də öyrənən və öyrədənlər üçün fərdi inkişaf ekosisteminə çevrilə bilər.
Nəticə etibarilə, bu yenilik təhsilimizin keyfiyyətinə texnoloji deyil, məzmun baxımından da təsir göstərəcək. Müəllimlərin tədrisə yanaşmasını dəyişəcək, şagirdlərin öyrənmə motivasiyasını artıracaq və təhsil prosesini daha ədalətli, şəffaf və ölçüləbilən müstəviyə gətirəcək. Əgər bu mərhələ uğurla tətbiq edilərsə, biz artıq rəqəmsal təhsildən deyil, “ağıllı təhsildən” danışmağa başlaya bilərik".