Azedu.az

"Repetitorluq artıq dəb halına çevrilib"

Xəbərlər

14 Oktyabr 2025, 15:05
"Repetitorluq artıq dəb halına çevrilib"

Psixoloji bir asılılıq yaranıb: sanki repetitor yanına getmədən uşağın ali təhsil müəssisəsinə qəbul şansı yoxdur. Bu qorxu, təzyiq və sosial basqılar çox təəssüf ki, ağır fəsadlara  hətta bəzi hallarda intihara qədər gətirib çıxarır.

Bu fikirləri AzEdu.az-a təhsil eksperti Məzahir Məmmədli söyləyib. 

170079

Müsahibimiz bildirlib ki, şagirdlər artıq rahat şəkildə, hətta məktəb rəhbərliyindən icazə almadan, repetitorların yanına gedə bilirlər:

"Azərbaycanda repetitorluğun yaranma səbəbinə və hansı dövrdən təşəkkül tapmasına qayıtmalıyıq ki, bəzi məsələlər bizim üçün aydınlaşsın. Mənim fikrimcə, repetitorluq necə yaranmışdısa, elə o cür də aradan qaldırılmalıdır. Çünki bu gün repetitorluq artıq bir dəb halına çevrilib.

Azərbaycanda ilk repetitor müəllimlər Dövlət İmtahan Mərkəzinin "bunker" müəllimləri idi. Bu müəllimlər həm sualları tərtib edir, həm də bilirdilər ki, ali təhsil müəssisələrinə qəbul zamanı hansı suallar düşəcək və istiqamət necə olacaq. Ona görə də əvvəlcə evlərdə, daha sonra isə imkanlar genişləndikcə böyük kurslar şəklində fəaliyyət göstərməyə başladılar".

Məktəblər bir-birilə rəqabətə girdikcə, nəticəyə əsaslanan bu sistem məktəb rəhbərlərinin də diqqətini repetitorluğa yönəltdi:

"Bu kurslara kütləvi şəkildə cəlbetmə prosesi baş verdi, çünki oradan keçən şagirdlər çox yaxşı nəticələr göstərirdilər. Və nəhayət, 1997-ci ildə ilk dəfə 700 bal toplayan abituriyent ortaya çıxdı. Bu hadisə repetitorluğa olan marağı daha da alovlandırdı. 700 bal nümunəyə çevrildi digər məktəblər də çalışdılar ki, onların məzunları da eyni nəticəni əldə etsinlər. Repetitorluğun ən çox təşəkkül tapdığı dövr məhz o illər idi ki, məktəblərin və universitetlərin reytinqi abituriyentlərin nəticələrinə görə ölçülürdü. Məktəblər bir-birilə rəqabətə girdikcə, nəticəyə əsaslanan bu sistem məktəb rəhbərlərinin də diqqətini repetitorluğa yönəltdi.

Hətta bəzi hallarda şagirdlərin dərslərdən yayınmasına da razılıq verildi təki məktəbin adı uğurlu nəticələrlə gündəmdə olsun. Digər tərəfdən, bu proses əlavə qazanc mənbəyinə çevrildi. Repetitor müəllimlər qazandı, məktəb rəhbərləri qazandı, kurs sahibləri qazandı  bütün bunlar da dolayısıyla  Dövlət İmtahan Mərkəzi ilə əlaqəli idi".

Nə qədər ki DİM qəbul qaydaları sadələşdirmə aparmayacaq, Azərbaycanda repetitorluq davam edəcək:

"Repetitorluğun qarşısını almağın yeganə yolu DİM-in imtahan qaydalarının sadələşdirilməsindən aslıdır.  DİM-in hazırladığı xüsusi dərs vəsaitləri var. Rəsmi olaraq bunlara "yardımçı vəsait" deyilsə də, faktiki olaraq bu vəsaitlər dərslik funksiyasını daşıyır və imtahan sualları əsasən bu vəsaitlər əsasında hazırlanır.

Digər bir problem isə odur ki, Dövlət İmtahan Mərkəzi tədris ili bitmədən 12-13 həftə əvvəl buraxılış imtahanları keçirir. Bu isə məktəblərdə tədris mühitini pozur. Şagirdlər artıq rahat şəkildə, hətta məktəb rəhbərliyindən icazə almadan, repetitorların yanına gedə bilirlər. Bütün bunlar azmış kimi, indi belə bir tendensiya yaranıb ki, uşaqların bünövrəsi lap ibtidai sinifdən  hətta birinci sinifdən başlayaraq repetitor yanında qoyulmalıdır. Hətta hazırlıq yaşına çatmamış uşaqları belə repetitor yanına göndərənlər var".

Repetitorluğun əsas səbəblərini müəllimlərdə və məktəblərdə deyil, sistemin özündə axtarmaq lazımdır:

"Bir tərəfdən bu, dediyim kimi, dəb halı alıb. Digər tərəfdən isə psixoloji bir asılılıq yaranıb: sanki repetitor yanına getmədən uşağın ali təhsil müəssisəsinə qəbul şansı yoxdur. Bu qorxu, təzyiq və sosial basqılar çox təəssüf ki, ağır fəsadlara  hətta bəzi hallarda intihara qədər gətirib çıxarır. Bu səbəbdən düşünürəm ki, repetitorluğun əsas səbəblərini müəllimlərdə və məktəblərdə deyil, sistemin özündə axtarmaq lazımdır. Digər hallar isə bu sistemin doğurduğu təbii nəticələrdir".

Putin Paşinyanla mübahisə etdi - Xəbəriniz Var?
Son xəbərlərDaha çox