AMEA-nın Birləşmiş Veteranlar Şurasının (BVŞ) növbəti iclası keçirilib.
AzEdu.az AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun veteranlar şurasının sədri olmuş Paşa Zamanovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İclası şuranın sədri Eldar Quliyev açaraq BVŞ-nin 2018-ci ildə gördüyü işlərə dair çıxış edib. O, cari ildə BVŞ tərəfindən əməyin stimullaşdırılması, ehtiyacı olan veteranlara yardım edilməsi, elmi müəssisələrdə veteran şuralarının işinin təkmilləşdirilməsi məqsədilə tədbirlər planının hazırlandığını və icra olunduğunu söyləyib. Diqqətə çatdırıb ki, 2018-ci ildə BVŞ-nin seçki iclası keçirilib, yeni sədr və sədr müavini, eləcə də şura üzvləri seçilib. Hazırda akademiyada 1633 veteranın çalışdığını deyən E.Quliyev onlardan 29-nun akademik, 37-nin AMEA-nın müxbir üzvü, 224-nün elmlər, 553 nəfərinin isə fəlsəfə doktoru olduğunu bildirib. Bundan əlavə, AMEA-da 1 nəfər Böyük Vətən müharibəsi, 16 nəfər Əfqanıstan müharibəsi və 4 nəfər Silahlı Qüvvələr veteranının çalışdığını söyləyib.
BVŞ-nin sədri bildirib ki, hesabat ilində 52 veterana birdəfəlik müavinət ödənilib, 24 veterana yemək güzəşti edilib, 47 veteran isə tibbi sanatoriyalara göndərilib. 2018-ci ildə "Əmək veteranı" adı və vəsiqəsini almaq üçün elmi müəssisə və təşkilatlardan BVŞ-yə 123 sənədin daxil olduğunu deyən E.Quliyev bunlardan 88-nə müsbət cavabın verildiyini diqqətə çatdırıb.
İclasda AMEA Rəyasət Heyəti aparatının mətbuat və informasiya idarəsinin rəisi, BVŞ sədrinin müavini Zülfüqar Fərzəliyev çıxış edərək "AMEA əməkdaşlarına bağçılıq-bostançılıq məqsədilə müvəqqəti istifadə üçün torpaq sahəsinin ayrılması və həmin sahələrdən istifadə olunması Qaydaları" haqqında məlumat verib, veteranların suallarını cavablandırıb.
İclasda, həmçinin Şamaxı Astrofizika Rəsədxanası, Neft-Kimya Prosesləri və Coğrafiya institutlarının veteranlar şuralarının sədrləri çıxış edərək fikir və təkliflərini səsləndiriblər.