Region məktəblərində müəllimlərin daimi işə marağını artırmaq üçün stimullaşdırma mexanizmləri yenilənməlidir.
Bu fikirləri AzEdu.az-a Rasim Həsənzadə söyləyib.
Müsahibimiz bildirlib ki, müəllimlərin hər il dəyişməsi şagirdlərin müəllimə və tədris prosesinə adaptasiya müddətini uzadır, psixoloji sabitliyi pozur və nəticədə tədris prosesinin effektivliyinə mənfi təsir göstərir:
"Son illər region məktəblərində müəllimlərin əhəmiyyətli hissəsi müddətli müqavilə ilə fəaliyyət göstərir. Bu vəziyyət bir tərəfdən kadr yerləşdirilməsində çeviklik yaratsa da, digər tərəfdən təhsildə davamlılıq və keyfiyyət baxımından ciddi narahatlıqlara səbəb olur. Müəllimlərin hər il dəyişməsi şagirdlərin müəllimə və tədris prosesinə adaptasiya müddətini uzadır, psixoloji sabitliyi pozur və nəticədə tədris prosesinin effektivliyinə mənfi təsir göstərir.
Əslində, bu problemin kökündə təkcə müqavilə müddəti deyil, müəllim üçün yaradılan yaşayış, sosial və peşəkar şəraitin yetərli olmaması dayanır. Müəllim yalnız maddi deyil, həm də sosial və peşəkar baxımdan sabitlik hiss etdikdə bölgədə qalmağa meyilli olur".
Hazırda mövcud H1 və H2 həvəsləndirmə əlavələri müəllimlər üçün real yaşayış xərclərini kompensasiya etmir:
"Bu məbləğlər kirayə, nəqliyyat və kommunal xərcləri nəzərə aldıqda, regionda uzunmüddətli işləmək üçün ciddi motivasiya yaratmır. Bölgələrdə işləyən müəllimlər üçün əlavə ödənişin ən azı 300-400 manat səviyyəsində müəyyənləşdirilməsi, xüsusən kirayə və yaşayış dəstəyinin sistemli formada verilməsi daha məqsədəuyğundur.
Bundan əlavə, region məktəblərində müəllimlər üçün yaşayış şəraiti xüsusi diqqət tələb edir. Təhsil müəssisələrinin yaxınlığında müəllimlər üçün mənzil və ya yataqxana tipli yaşayış yerlərinin yaradılması onların bölgədə daimi işləməsinə şərait yaradar.
Peşəkar inkişaf baxımından da region müəllimlərinə davamlı təlimlər, mentorluq və universitetlərlə əməkdaşlıq imkanları təmin olunmalıdır. Müəllim öz inkişaf perspektivini yalnız paytaxtda deyil, regionda da görə bildiyi təqdirdə, həmin yerdə qalmaq istəyəcək.
Bütün bunlarla yanaşı, müəllimlər üçün sosial dəstək mexanizmləri - icma ilə inteqrasiya, ailə dəstək proqramları, sosial təminatlar və təqaüd mexanizmləri də yaradılmalıdır. Beləliklə, problemin həlli təkcə müqavilə formasının dəyişməsi ilə mümkün deyil. Əgər müəllim üçün region məktəbi maddi, sosial və peşəkar baxımdan cəlbedici məkana çevrilərsə, o zaman müəllimlər bölgələrə yalnız təyinat yeri kimi deyil, öz gələcəyini qurmaq istədikləri daimi iş yeri kimi baxacaqlar. Bu da nəticə etibarilə tədrisdə sabitlik, keyfiyyət və şagird nailiyyətlərində davamlı artım deməkdir".