“Azərbaycanda son illərdə təhsilin inkişafına xüsusi diqqət göstərilib”.
AzEdu.az xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya" mövzusunda 7-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunun açılış mərasimində deyib.
O bildirib ki, təhsilin inkişafına qoyulan bu dəyər gələcək üçün ən böyük sərmayədir: “Dünya günbəgün dəyişir, yeni çağırışlar baş qaldırır. Son illərdə təhsilə yönəlmiş investisiyalar insan kaptalına yönələn siyasətləri əhatə edir. Mədəni intibahın təməli təhsildir. Biz birgə çalışır, xüsusilə təhsillə bağlı yeni layihələr həyata keçiririk. Qızların təhsilinə dəstək layihəsi çərçivəsində həyata keçirilən proqramlara qısa müddət ərzində xeyli şəxs cəlb olunub. Bu təşəbbüslər sadəcə fərdi taleləri dəyişmir, regionlarda sosial ədaləti və gender bərabərliyini artırır".
Bahar Muradova qeyd edib ki, 3000-dək qız “erkən evliliyə son!” deyərək təlimlərinə cəlb olunub və maarifləndirilib.
Onun sözlərinə görə, eyni zamanda müharibədən zərər çəkmiş ərazilərdə aparılan sosial işdə təhsilin daha çox diqqətdə saxlanılmasına dəstək verən çoxsaylı təlimlər də davam edir.