“Hazırda ölkə üzrə təxminən 200 minə yaxın şəxs müxtəlif təhsil müəssisələrində fəaliyyət göstərir, ümumilikdə isə 4300-ə yaxın təhsil müəssisəsi mövcuddur”.
AzEdu.az xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini İdris İsayev "Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya" mövzusunda keçirilən 7-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunun açılış mərasimində səsləndirib.
Nazir müavini bildirib ki, özəl təhsil sektorunun payı nisbətən azdır. Hazırda 33 özəl təhsil müəssisəsində təxminən 25 min şagird və tələbə təhsil alır. Təhsilin əsas yükünü dövlət sektoru daşıyır.
Onun sözlərinə görə, son illərdə təhsilin məzmununun təkmilləşdirilməsi, infrastrukturun müasirləşdirilməsi istiqamətində ciddi addımlar atılır:
“Qəzalı vəziyyətdə olan məktəblərin yenidən qurulması, yeni təhsil ocaqlarının inşası və mövcud məktəblərin əsaslı təmiri dövlət büdcəsi və Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilir. Bu, təhsil infrastrukturunun güclənməsinə, müasir maddi-texniki bazanın genişlənməsinə şərait yaradır”.
İdris İsayev əlavə edib ki, təhsildə rəqəmsallaşma istiqamətində də yeni layihələr reallaşdırılır:
“‘STEAM”, rəqəmsal bacarıqlar və inklüziv təhsil kimi təşəbbüslər getdikcə daha geniş tətbiq olunur. Bu layihələr təhsil imkanlarının bərabər təmininə, tədrisin keyfiyyətinin artırılmasına və hər bir şagirdin potensialını reallaşdırmasına xidmət edir”.