Azedu.az

Gənclər kitab oxumur? - "Müəllimlər doğru yanaşma ilə marağı oyada bilər"

Xəbərlər

13 Oktyabr 2025, 18:01
Gənclər kitab oxumur? - "Müəllimlər doğru yanaşma ilə marağı oyada bilər"

Bu gün cəmiyyətdə tez-tez səslənən bir fikir var: “Gənclər artıq kitab oxumur.” Həqiqətən də, bu narahatlıq müəyyən qədər əsaslıdır. Müasir texnologiyaların, sosial medianın və qısa formada informasiya istehlakının sürətlə artması fonunda kitab oxumaq bir çox gənc üçün artıq maraqlı fəaliyyət kimi görünmür.

Bu fikirləri AzEdu.az-a “İlin gənc müəllimi” müsabiqəsinin qalibi Təranə Nuriyeva söyləyib.

O, qeyd edib ki, gənclərə kitabın dəyəri düzgün təqdim olunmur:

“Mənim fikrimcə, bu vəziyyətin bütün məsuliyyətini məktəblərin üzərinə qoymaq ədalətli deyil. Bununla belə, məktəb mühitinin və müəllimin rolu bu məsələdə həlledici əhəmiyyət daşıyır. Problemin əsas səbəbi marağın yox, yanaşmanın zəifliyidir!

Gənclər doğrudan da oxumaq istəmirlərmi? Məncə, xeyr. Sadəcə, onlara kitabın dəyəri düzgün təqdim olunmur. Oxumaq çox vaxt tapşırıq, qiymət və ya “aylıq plan” kimi qəbul edilir. Halbuki kitab uşağa bir pəncərə açmalıdır  yeni dünyaları, fikirləri və özünü kəşf etmə fürsətini. Müəllim oxunu “məcburiyyət” kimi yox, “kəşf” kimi təqdim etdikdə, şagirdin münasibəti də tamamilə dəyişir".

Mənim yanaşmam: "Kitabdan ideyaya, ideyadan yaradıcılığa..."

“Son illər bəzi məktəblərdə oxu vərdişlərini artırmaq məqsədilə ‘ən çox kitab oxuyan şagird’ müsabiqələri, sertifikatlı yarışlar və hədiyyə kampaniyaları keçirilir. Bu cür təşəbbüslər müsbət addımdır – çünki onlar ilk mərhələdə uşaqlarda xarici motivasiya yaradır. Ancaq bu yanaşma uzunmüddətli nəticə vermir. Mükafat bitəndə, motivasiya da bitir. Daxili maraq isə qalıcı olur.

 "Kitabdan ideyaya, ideyadan yaradıcılığa..." Mən öz dərslərimdə oxunu sadəcə "mətn oxumaq" kimi yox, yaradıcı öyrənmə prosesi kimi təqdim edirəm. Şagirdlər oxuduqları kitabları müxtəlif interaktiv platformalarda canlandırırlar:

- Storyjumper və Pixton vasitəsilə kitabın alternativ sonluğunu yaradırlar,

- Canva ilə “kitabın afişasını” dizayn edirlər,

- ChatGPT və ya Copilot kimi süni intellekt alətlərindən istifadə edərək personajların dialoqlarını yenidən qururlar".

Oxumağı vərdiş deyil, dəyər kimi təqdim etməliyik:

“Bəzən isə kitab əsasında sosial layihə ideyası hazırlayırlar. Belə olduqda oxumaq artıq onların üçün passiv fəaliyyət deyil, yaradıcılıq meydanına çevrilir. Uşaq özünü müəllif, tədqiqatçı, düşünən bir fərd kimi hiss edir.

Oxumağı vərdiş deyil, dəyər kimi təqdim etməliyik! Mən hesab edirəm ki, uşağa kitab oxumağı öyrətmək onun əlində kitab tutmaqla deyil, kitabın içində düşünmək bacarığı ilə mümkündür. Bunun üçün məktəblərdə oxu dərsləri ‘təhlil’ və ‘xülasə’ ilə məhdudlaşmamalı, daha çox diskussiya, müzakirə, oyun və müasir texnologiya inteqrasiyası ilə zənginləşdirilməlidir. Oxumaq həm emosional, həm də intellektual fəaliyyət kimi qəbul edilməlidir.

Nəticədə gənclərin kitaba marağını artırmaq üçün biz yalnız hədiyyələrlə və ya kampaniyalarla yox, mədəni münasibəti dəyişməklə başlamalıyıq. Kitabı sadəcə bilik mənbəyi kimi deyil, özünü və dünyanı anlama vasitəsi kimi təqdim etdikdə, uşaqlar onu sevərək seçəcəklər. Kitabı sevən gənc təkcə çox bilən deyil, həm də düşünən, hiss edən və yaradan insan olur".

Putin Paşinyanla mübahisə etdi - Xəbəriniz Var?
Son xəbərlərDaha çox