AzEdu.az xaricdə təhsil alanların təcrübələrini gənclərlə bölüşməyə davam edir.
“Müəllimlərimiz metodika biliklərini inkişaf etdirməlidirlər. Məsələn, yaşadığım ölkədə müəllimlərin əksəriyyəti öz ixtisasları barədə az məlumatlı olsalar da, işlərini yaxşı bacarırlar”,- deyə Cənubi Koreyadan Fidan Kərimzadə AzEdu-ya yazır...
Öncə Fidan haqqında:
Fidan Kərimzadə orta təhsilini Ağdaş rayon, 3 saylı beynəlmiləl məktəbdə alıb. Orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olunub. Universiteti fərqlənmə diplomu ilə başa vuran Fidan BDU-nun Amerikanşünaslıq ixtisası üzrə magistr pilləsini qazanaraq 2013-cü ildə məzun olub. Doktorantura təhsilini isə Cənubi Koreyanın Seul şəhərindəki Soongsil Universitetində davam etdirib...
Qərib ölkədə oxumaq üçün səbəblər...
F.Kazımzadə bu səbəblərdən danışır
- Təhsilimi Cənubi Koreyada davam etdirməyimin ən başlıca səbəbi mədəniyyət cəhətdən Azərbaycana daha yaxın olmasıdır. Ölkədən kənar uzun müddət qalmaq üçün bura yaxşı seçimdir. Digər səbəblərdən biri isə Cənubi Koreya təhsilinin çox güclü olmasıdır. Xaricdə təhsil almaq yanlız elm qazandırmaqla qalmır, həm də insanın dünyaya baxışını da dəyişir. Dünyaya dar çərçivədən baxmaqdan kənarlaşmaq mümkün olur. Ümumiyyətlə, təhsil müddətində hər bir ölkədəki təhsil müəssisəsində mübadilə proqramların olması üstünlükdür.
Cənubi Koreyada təhsilin üstünlükləri barədə...
“Azərbaycanda ali təhsil aldığım müddətə qədər daha çox SSRİ təhsil sistemi əsas idi. Savadlı müəllimlərimizin çox olmasına baxmayaraq, metodikaları bir az köhnə və zəifdir. Bir çox yaşlı müəllimlər isə özlərini inkişaf etdirmir”.
Müsahibimiz qeyd edir ki, Cənubi Koreya inkişaf etmiş ölkə olduğu üçün təhsildəki fərqi aydın görmək olur:
“Ölkənin kitabxanaları çox zəngindir. Burada vətəndaşlar ingilis dilində ünsiyyət qurmaqda çətinlik çəksələr də, ədəbiyyat olaraq həmişə ingilis dilli kitablardan istifadə edirlər. Cənubi Koreyada dərs sistemi seminar və mühazirə kimi standart deyil. Ali təhsil müəssisələrində seminarlar təqdimatlar üzərində qurulduğundan dərslər daha maraqlı keçirilir. Azərbaycanda ali təhsil aldığım müddətə qədər daha çox SSRİ təhsil sistemi əsas idi. Savadlı müəllimlərimizin çox olmasına baxmayaraq, metodikaları bir az köhnə və zəifdir. Bir çox yaşlı müəllimlər isə özlərini inkişaf etdirmir. Amma qeyd edim ki, tarix və coğrafiya kimi sahələrdə müəllimlərimiz daha çox biliyə sahibdirlər. Sadəcə müəllimlərimiz metodikalarını inkişaf etdirməlidirlər. Cənubi Koreyada müəllimlərin əksəriyyəti öz ixtisaslaşdıqları sahələr haqqında az məlumata sahib olsalar da, işlərini yaxşı bacarırlar. Burada olan professorların əksəriyyəti Amerika və ya Avropa universitetlərində doktorantura pilləsi üzrə təhsillərini tamamlayıblar”.
Qəbul üçün lazım olan sənədlər...
-Cənubi Koreyadakı ali təhsil müəssisələrinə qəbul universitetlərə görə dəyişir. Təqaüd proqramı ilə qəbul olan tələbələrə onların tələb etdiyi sənədlər təqdim edilir. Tələb olunan sənədlər isə “transcripts”, tərcümeyi-hal, dil və digər sertifikatlar, tövsiyə məktubudur.
Tələbələrə güzəştlər...
-Cənubi Koreyada tələbələr kitabxanalara rahat şəkildə daxil ola bilirlər. Ümumiyyətlə, bu ölkədə kitabxanalardan istifadə etmək çox rahatdır. Tələbələr universitetin kitabxanasından onlayn olaraq da istifadə edirlər. Ölkədə məktəblilər üçün nəqliyyatda da bir sıra güzəştlər nəzərdə tutulub.