Azedu.az

Məktəblərdə köhnə dərs üsulları - "Texnologiya istifadə olunmur"

Xəbərlər

13 Oktyabr 2025, 19:13
Məktəblərdə köhnə dərs üsulları - "Texnologiya istifadə olunmur"

“İndi şagirdlər artıq texnoloji bacarıqlarla doğulurlar. Belə bir uşaq məktəbə gəlib köhnə üsulla dərs keçildiyini görəndə tədris prosesi onun üçün maraqsız olur. Buna görə də müəllim məhz bu texnologiyalar vasitəsilə şagirdləri dərs prosesinə cəlb etməyi bacarmalıdır",-  bunu Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov söyləyib.

Şagirdlərin demək olar ki, böyük bir qismi məktəbə və dərslərə etinasız yanaşır. Bu, çox vaxt dərslərin köhnə üsullarla keçirilməsindən qaynaqlanır.

Mövzu ilə bağlı AzEdu.az-a təhsil eksperti Ramin Nurəliyev də danışıb.

“Müasir dövrdə kağız formatında xəritələr, yazıçı şəkilləri və digər əyani vəsaitlərin təqdim olunması artıq köhnəlmiş metod hesab edilir. Yeni texnologiyalar vasitəsilə dərs prosesi həm əyləncəli, həm də effektiv olmalıdır. Məsələn, bir şagirdə qlobus gətirib Yer kürəsinin fırlanmasını göstərmək artıq dövrün tələblərinə cavab vermir. Bunun əvəzinə, internetdəki video materiallarla bu prosesi vizual göstərmək daha məqsədəuyğundur. Eyni zamanda, Məhəmməd Füzulinin süni intellekt vasitəsilə canlandırılması, şeirlərinin səsləndirilməsi və tarixi döyüşlərin vizual təqdimatı şagirdlərin marağını artırır.”

Hazırda bir çox məktəbdə kompüter laboratoriyaları mövcuddur, amma təəssüf ki, direktorlar bu laboratoriyalardan istifadəni çox vaxt uyğun saymırlar:

“Əvvəllər ‘Nəsimi’ filmi nümayiş olunurdu və bu, şagird üçün əyani vəsait rolunu oynayırdı. Şagird mövzunu dəftərdən və kitablardan oxumaqdan daha yaxşı qavrayırdı. Müasir texnologiyalar dövründə də əyani vəsaitlər mütləq şəkildə təqdim olunmalıdır. Bunun üçün məktəblər müasir texnoloji avadanlıqlarla təmin edilməlidir. Məsələn, şagirdə təqdim ediləcək materialların göstərilməsi üçün projektor olmalıdır ki, böyük ekranda əyani şəkildə məlumat çatdırılsın.

“Lakin, təəssüf ki, hazırda vəziyyət belə deyil. Bir çox məktəblərdə laboratoriyalar yalnız qonaqlara göstərilir. Kimya laboratoriyası mövcuddur, amma şagirdlər ondan istifadə edə bilmir. Müəllimlər bu vəziyyətdən narazıdırlar, səbəb isə məktəb rəhbərliyinin alətlərin sınacağı, zədələnəcəyi və məsuliyyət yaranacağı ilə bağlı qorxularıdır. Nəticədə, laboratoriyalar yalnız təqdimat üçün qalır, praktik tədris üçün deyil".

Elm və Təhsil Nazirliyi, həmçinin Məktəbəqədər və Ümumtəhsil Üzrə Dövlət Agentliyi mütəmadi reydlər aparmalı və məktəblərdə vəziyyəti yerində yoxlamalıdır:

“Məktəb direktorları təşəbbüskar olmalı, müasir texnoloji avadanlıqlardan istifadəni tədris proqramına daxil etməli və şagirdlərə öyrətmək üçün maddi-texniki bazanı təmin etməlidir. Beynəlxalq təcrübə göstərir ki, Avropanın inkişaf etmiş ölkələrində nəzəri biliklərdən çox praktiki biliklərə üstünlük verilir. Bizdə isə praktik biliklər demək olar ki, yox səviyyəsindədir. Hətta ali təhsil müəssisələrində belə vəziyyət acınacaqlıdır. Bu səbəbdən müəyyən dəyişikliklər edilməli və səylər artırılmalıdır.

Əgər şagirdlərə müasir texnologiyalar vasitəsilə əyani vəsaitlər təqdim etmək istəyiriksə, bu iş tədris proqramına daxil edilməli, proqramın icrası isə nazirlik və aidiyyəti qurumlar tərəfindən yoxlanmalıdır. Şagirdlər məktəbə gedir, amma laboratoriyanı görmürlər. Təkcə məktəblərdə deyil, bəzi universitetlərdə də vəziyyət eynidir. Belə olduqda, məsuliyyət birbaşa məktəb rəhbərliyinin üzərinə düşür.

Elm və Təhsil Nazirliyi müasir texnologiyaların tətbiqini tədris proqramına daxil etməli, məktəb rəhbərliyi və müəllimlər isə bu imkanlardan istifadə etməyi tələb etməlidir. Bu şəkildə şagird həm nəzəri, həm də praktik bacarıqlarını inkişaf etdirə biləcək".

Putin Paşinyanla mübahisə etdi - Xəbəriniz Var?
Son xəbərlərDaha çox