Bu gün gənclər kitablara o qədər də maraq göstərmirlər. Cəmiyyətdə isə bu vəziyyətin səbəbi məktəblərdə axtarılır. Belə ki, təkliflər irəli sürülür ki, məktəb kitabxanalarında şagirdlərin oxu vərdişlərini artırmaq məqsədilə xüsusi oyunlar və ya hədiyyəli yarışlar keçirilsin. Bəzi məktəblərdə ay və il ərzində ən çox kitab oxuyan şagirdlərə müxtəlif hədiyyələr və sertifikatlar təqdim olunur. Lakin bu, təbii ki, bütün məktəblərdə tətbiq olunmur.
AzEdu.az-a mövzu ilə bağlı "İlin gənc müəllimi" müsabiqəsinin qalibi Rəşadət Abdulov danışıb.
Müsahibimiz bildirib ki, texnologiya evimizin içinə qədər gəlib, biz də çətinlikləri fürsətə çevirməklə vəziyyəti öz xeyrimizə dəyişə bilərik:
"Mövzu o qədər aktual mövzudur ki, mövcud problemə kompleks yanaşmaq lazımdır. Bu gün məktəblilərimizi mütaliədən uzaqlaşdıracaq kifayət qədər vasitələr mövcuddur. Çox təəssüf ki, bu vasitələrin əksəriyyəti ilə şagirdlərimiz məktəbdə deyil evdə və cəmiyyətdə rastlaşırlar.
Belə ki, şagirdlərimiz hələ kiçik yaşlarından tam dərk etmədən texnologiya və sosial media ilə tanış olurlar. Bu isə onlara çox cəlb edici göründüyündən kitabla məktəbli arasında bir hasar yaranır. Bu zaman şagird kitablara qarşı motivasiya çatışmazlığı yaşayır. Bəzi çətin görünən problemləri həll etmək üçün şagirdlərimizin motivasiyaya ehtiyacı yaranır. Bu zaman lazımı dəstəkləyici mühitin yaradılması məsuliyyəti ailə və məktəbin üzərinə düşür. Cəmiyyətimizin ən böyük problemlərindən biri də kitab oxumayan valideynlərdir. Belə olan anda şagirdlər eşitdiyini yox gördüyünü təkrarlayır".
Məktəblər dərs yükünün çoxluğundan kitablarla şagird arasında maraq mühitini formalaşdıra bilmir:
"Bəzən dərsliklərdəki mövzular şagirdin yaş həddinə və maraq dairəsinə uyğun gəlmir. Belə olan məktəb də şagirdlərə kitab oxumağın faydalarını düzgün aşılaya bilmir. Bu vəziyyət universitetlərdə də belədir. Misal üçün göstərə bilərəm ki, univesitetlərdə tələbələrə tədris olunan İngiltərə burjua inqilabı və Fransa burjua inqilabı nə İngiltərədə, nə də Fransa da bu qədər dərinlikdə tədris olunmur. Belə olan halda Azərbaycan gənci vaxt məhdudluğu yaşayır ki, bu da şagirdlərimizi və gənclərimizi kitablardan uzaqlaşdırır.
XXI ərsrin kompetensiyalarına malik Azərbaycan gəncini texnologiyadan uzaq tutmaq da düzgün yanaşma tərzi deyil. Madam ki, texnologiya evimizin içinə qədər gəlib, biz də çətinlikləri fürsətə çevirməklə vəziyyəti öz xeyrimizə dəyişə bilərik. Mobil tətbiqlər vasitəsi ilə şagirdlərə maraqlı kitablar təqdim edə bilərik. Belə bir deyim var: "dörd milyonçunun əhatəsində olan fəhlə bir müddət sonra milyonçu olacaq". Valideynlər evlərində, məktəb rəhbərləri və müəllimlər məktəblərdə müəyyən oxu saatları təşkil etməklə özləri də şagirdlərlə birlikdə mütaliə edərək kitab oxuma vərdişləri formalaşdıra bilərlər".
Birinci özümüz şagirdlərimizə nümunə olaq:
"Bəzən şagirdlərimizi kitablardan “küsdürən” çətin dildə yazılan dərsliklərimizdir. Televiziya və kütləvi informasiya vasitələri ilə kitab oxumaq kimi dəstəkləyici mühitin yaradılması mümkündür. Televiziya və kütləvi informasiya vasitələri günün müəyyən saatlarında maraqlı kitabların müzakirəsini təşkil etməklə mövcud problemi aradan qaldıra bilər. Bu gün məktəblilərimizin vətənpərvərliyi onların dərslərinə və kitablara olan münasibəti ilə bilinir. Gəlin onların vətənpərvər ruhda böyümələri üçün nümunə olaq".