Azedu.az

Dövlət himayəsindəki azyaşlıların sayı artıb - 15 ilin statistikasına baxış

Xəbərlər

10 Oktyabr 2025, 14:41
Dövlət himayəsindəki azyaşlıların sayı artıb - 15 ilin statistikasına baxış

2024-cü ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən 15 körpələr və uşaq evində yüzlərlə azyaşlı dövlət himayəsində saxlanılır. Son illərin rəsmi statistikasına əsasən, bu müəssisələrdə qeydiyyatda olan uşaqların sayında nəzərəçarpan dəyişikliklər baş verib. Bəzi illərdə uşaq evlərindəki uşaqların sayı minimum həddə enibsə, son dövrlərdə bu rəqəmlərin sürətlə artdığı müşahidə olunur.

AzEdu.az-ın Dövlət Statistika Komitəsindən aldığı, 2009-2024-cü illəri əhatə edən rəsmi statistikaya əsasən, ölkədə uşaq və körpələr evlərində dövlət himayəsində olan uşaqların sayında illər ərzində ciddi dalğalanmalar müşahidə olunub.

2009-cu ildə bu müəssisələrdə 348 uşaq qeydiyyatda olub. Növbəti iki ildə say azalsa da (2010-cu ildə 312, 2011-ci ildə 394), 2012-ci ildən etibarən kəskin azalma başlayıb. Həmin il uşaq və körpələr evlərində cəmi 183 uşaq olub.

2013-2016-cı illər ərzində bu göstərici ən aşağı həddə düşüb. 2013-cü ildə 27, 2014-də 30, 2015-də 35, 2016-da isə cəmi 23 uşaq qeydiyyatda olub. Bu dövr uşaq evlərindəki uşaqların sayının ən az olduğu illər hesab olunur.

Lakin 2017-ci ildən etibarən artım tendensiyası müşahidə edilib. Həmin il 37, 2018 və 2019-cu illərdə isə 86 uşaq dövlət himayəsində olub. 2020-ci ildə say bir qədər azalıb (79), 2021-də 51, 2022-də isə 66 uşaq qeydə alınıb.

Son iki ildə isə rəqəmlər kəskin artıb: 2023-cü ildə uşaq və körpələr evlərindəki uşaqların sayı 792-yə, 2024-cü ildə isə 933-ə çatıb.

Beləliklə, son illərin statistikası göstərir ki, uşaq və körpələr evlərinə yerləşdirilən uşaqların sayı əvvəlki illərlə müqayisədə bir neçə dəfə artıb. 

Putin Paşinyanla mübahisə etdi - Xəbəriniz Var?
Son xəbərlərDaha çox