Azedu.az

Uşaqlarda yüksək hərarət - düzgün yanaşma həyatı qurtara bilər

Xəbərlər

9 Oktyabr 2025, 17:35
Uşaqlarda yüksək hərarət - düzgün yanaşma həyatı qurtara bilər

Hərarətli uşağın normaldan daha çox maye qəbul etməsinə, susuz qalmamasına diqqət yetirmək gərəkdir. Ancaq yüksək hərarətdə uşaq özünü pis hiss edirsə, həkimin məsləhət bildiyi qızdırmasalıcılar istifadə edilə bilər.

Bu sözləri AzEdu.az-a pediatr Günay Rəsulova söyləyib.

O bildirib ki, əgər hərarət çox yüksək deyilsə və uşaq özünü çox pis hiss etmirsə, dərman verməzdən əvvəl ilıq vanna tətbiq edilə bilər:

"Əvvəlcə hərarətin düşmənimiz deyil, dostumuz olduğunu bilərək hərəkət etmək lazımdır. Hərarətin yüksəlməsi ilə bədən infeksiya törədiciləri ilə daha yaxşı mübarizə aparır. Bu halda hərarətli uşaqlarda hərarəti tez düşürməyə çalışmaq lazım deyil.

Hərarətli uşağın normaldan daha çox maye qəbul etməsinə və susuz qalmamasına diqqət yetirmək gərəkdir. Ancaq yüksək hərarətdə uşaq özünü pis hiss edirsə, həkimin məsləhət bildiyi qızdırmasalıcılar istifadə edilə bilər. Hərarətsalıcıları içmə suspenziya və ya rektal şam formasında tətbiq etmək olar. Eyni qrupdan olan hərarətsalıcıları 4 saat intervalla istifadə etmək mümkündür. Litik qarışıq (Analgin, Dimedrol, Novokain) isə qətiyyən tövsiyə edilmir, çünki Analgin tək dozada sümük iliyində aplaziya riskinə səbəb ola bilər.

Əgər hərarət çox yüksək deyilsə və uşaq özünü çox pis hiss etmirsə, dərman verməzdən əvvəl ilıq vanna tətbiq oluna bilər. Otaq havası sərin olmalı, paltarı mümkün qədər nazik və pambıqdan olmalıdır. Uşaqlar üçün hərarət ölçüsü belədir: qoltuqaltı ölçmədə ilk 3 ay 37.3 dən yuxarı, 3 aydan sonra 37.5 dən yuxarı; düz bağırsaqdan ölçmədə isə 38 dərəcə üstü hesab edilir".

Hərarət 24-48 saatdan uzun sürərsə, mütləq həkimə müraciət olunmalıdır:

"0-3 ay arası uşaqlarda normalın üstündə ölçülən hərarət hansı dəyərdə olursa olsun, təcili həkimə müraciət edilməlidir. Daha böyük uşaqlarda isə uşağın ümumi vəziyyətinə diqqət yetirmək vacibdir. Əgər uşaq oyanıq və aktivdirsə, oynayırsa, yeyib-içirsə, yuxusu və tənəffüsü normaldırsa, qızdırmasalıcı tədbirlərdən sonra hərarətin seyrinə görə həkimlə məsləhətləşmək kifayətdir. Çünki hərarətin yüksəkliyi ilə xəstəliyin ağırlığı paralel olmaya bilər.

Uşaqlarda hərarətin ən çox səbəbi olan sadə virus infeksiyaları 39-40 dərəcə hərarətə səbəb ola bilər, bəzi ciddi xəstəliklər isə çox yüksək hərarətə yol açmaya bilər. Ancaq uşaqda yuxululuq, narahatlıq, tənəffüs çətinliyi və şiddətli ağrı varsa, yemək-içməkdən imtina edirsə, hərarət düşsə belə ümumi vəziyyəti düzəlmirsə, və ya hərarət 24-48 saatdan uzun sürürsə, yenə mütləq həkimə müraciət edilməlidir".

Yenidoğanda qidalanma çatışmazlığı və çox çəki itkisi bədən hərarətinin yüksəlməsinə səbəb ola bilər:

"Soyuqdəymə, qrip kimi infeksiyalar hərarətin ən sıx görülən səbəblərindəndir. Soyuqdəymədə ilk 24 saat tək əlamət hərarət ola bilər, digər əlamətlər sonradan meydana çıxır. Angina, orta qulaq iltihabı, ishal və sidik yolları infeksiyaları da hərarətə səbəb ola bilər. Nadir hallarda pnevmoniya, meningit, vərəm kimi ciddi infeksiyalar da hərarətə yol aça bilər.

Yeni doğulmuşlarda isti havada çox paltar geyindirilirsə, onlar bədən hərarətini tarazlaya bilmədikləri üçün hərarət yüksələ bilər. Buna görə əvvəlcə uşağın üzərindəki paltarlar çıxarılmalı və hərarət yenidən ölçülməlidir. Bundan əlavə, yenidoğanda qidalanma çatışmazlığı və çox çəki itkisi də bədən hərarətinin yüksəlməsinə səbəb ola bilər".

Əliyev Rusiyanın ideyasını BASDIRDI - Putin üzr istəyə bilər
Son xəbərlərDaha çox